ADPU-da qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

ADPU-da qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclasda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının İdarə Heyətinin üzvləri və tələbələr iştirak ediblər.
İclası YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının İdarə Heyətinin sədri, Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Himalay Qasımov açaraq bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatlar uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzmlə və uğurla gerçəkləşdirdiyi müdrük daxili və xarici siyasəti nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi cəhətdən daha da güclənir. Azərbaycanda elm və təhsilin inkişafı dövlət siyasətinin, milli quruculuq strategiyasının əsas istiqamətlərindən biridir. Böyük və zəngin tarixi ənənələrə malik olan ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə həyata keçirilən islahatlar, yeniliklər, layihələr universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, əmək və tədris şəraitinin yaxşılaşdırılmasına, maddi-texniki bazanın gücləndirilməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə əlverişli şərait yaradıb. ADPU ölkəmizin sayılıb-seçilən, nüfuzlu universitetlərindən birinə çevrilib.
Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi qarşımızda dayanan əsas vəzifədir. Universitetimizin müəllimləri tədris prosesini müasir dövrün tələblərinə uyğun qurmalı, tədris proqramları yenilənməlidir. ADPU-da müəllimlərin işə qəbul edilməsi seçki prosesi vasitəsilə keçirilir. Universitetdə seçki prosesi ədalətli, şəffaf və demokratik şəraitdə, alternativ əsaslarla keçirilir. Seçki ən mütərəqqi metod, ən səmərəli üsuldur. Sağlam və ədalətli rəqabət inkişafın başlıca şərti, həlledici amilidir. Tələbələr daim öz bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, xarici dilləri dərindən öyrənməlidirlər. Bununla yanaşı, tələbələr vətənpərvər olmalı, milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilməlidirlər. Biz bütövlükdə fəaliyyətimizi gələcək məqsəd və hədəflərimizə uyğun qurmalıyıq. ADPU müasir təhsil bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamalıdır.
Rektor Cəfər Cəfərov həmçinin professor Himalay Qasımovu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə Ekspert Şurasının sədri seçilməsi münasibətilə təbrik edib, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
İclasda Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev universitetdə tədris prosesinin daha səmərəli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsilin bütün səviyyələrində yeni və müasir tədris proqramlarının hazırlanması, kollokviumların keçirilməsi və imtahanlara hazırlıq, tələbələrin dərsliklə təminatı, Kitabxana-İnformasiya Mərkəzinin yenidən qurulması, xarici ölkələrlə tələbə mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən əməli tədbirlər barədə tələbə-gənclərə ətraflı məlumat verib.
İclasda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynovaya səmərəli ictimai fəaliyyətinə görə YAP-ın Səbail rayon təşkilatının Fəxri Fərmanı təqdim edilib.
İclasda digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilibADPU-da qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilibADPU-da qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Oxşar xəbərlər