ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “İnsan resursları şöbəsinin fəaliyyəti haqqında”, “ADPU-nun Fizika və texnologiya fakültəsinin fəaliyyəti haqqında” və cari məsələlər daxildir.
İclasda rektor Cəfər Cəfərov Fizika və texnologiya fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasının dosenti İsa İsmayılova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə təsdiq edilmiş professor elmi adının attestatını, həmçinin SABAH qruplarının tələbələrinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Müəllimlik üzrə Bilik Yarışmasında II yeri tutmuş ADPU-nun SABAH qrupunun tələbəsi Çərkəz Kərimovaya sertifikat təqdim edib.
Rektor çıxışında qeyd edib ki, son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı imzaladığı sərəncamlar və fərmanlar, qəbul etdiyi qərarlar aztəminatlı ailələrdən olan tələbələrin də sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. ADPU 1340 əlavə təqaüd yeri alıb. Həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu da bu təbəqədən olan tələbələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gerçəkləşdirir. Biz orta məktəblərlə əlaqələri genişləndirməli, xüsusilə də, şagirdlər üçün psixoloji xidmətin təşkili sahəsində məktəblərlə sıx əməkdaşlıq etməliyik. Azərbaycan rəhbərliyinin strateji kursu ölkənin müasirləşməsidir. Biz öz müsbət fəaliyyətimizlə bu strateji kursa dəstək verməliyik. Müasir dövrümüzdə universitetlərin hədəfi, missiyası dəyişib. Universitetlər insan kapitalının inkişaf etdirilməsində əsas rol oynamalıdırlar. Universitetlər tədris və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqla bərabər, mədəniyyət mərkəzi olmalıdırlar. Biz bunun üçün əzmlə, fədakarlıqla çalışmalıyıq.
“İnsan resursları şöbəsinin fəaliyyəti haqqında” şöbənin müdiri Qumral Qədimova məlumat verib. Qumral Qədimova bildirib ki, ADPU-nun 11 iyul 2016-cı il tarixli Elmi Şurasının qərarı ilə universitetin yeni strukturu və ştat cədvəli təsdiq olunub və mövcud olan ştat cədvəlinə dəyişikliklər edilib. Hazırda universitetdə 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili fəaliyyət qaydaları”na əsasən idarəetmə və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilib. Əvvəlki ştat cədvəlində olan 69 nəfər kitabxanaçı ştatı 30 nəfərə, kafedralarda fəaliyyət göstərən 207 laborant və böyük laborant ştatı isə 143-ə endirilib. AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq 96 nəfər professor-müəllim heyəti, 76 nəfər tədris-köməkçi heyəti və 40 nəfər Xidmət Şöbəsindən, bütövlükdə 212 nəfər işçi mövcud qanunvericiliyə uyğun olaraq ADPU-da işlə təmin edilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırlması üçün müəllimlərin işə qəbulu yeni prosedurla – müsabiqə yolu ilə həyata keçirilir. Yeni qaydalarda əsas məqsəd professor-müəllim heyətinin tədris və elmi fəaliyyətini gücləndirmək, ədalətli rəqabət mühiti yaratmaqdır. Hazırda 200-dək vakant professor-müəllim üçün 29 mart 2019-cu il tarixində “Azərbaycan müəllimi” qəzetində elan, eyni zamanda ADPU-nun saytında yerləşdirilib. Bugünədək 290 nəfər şəxs sənədlərini İnsan resursları şöbəsinə təqdim edib. Sənəd qəbulu aprelin 29-da bitəcəkdir.
Təhsil nazirinin 9 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nı rəhbər tutaraq “Xalq qəzeti” və “Azərbaycan müəllimi” qəzetlərində fakültə dekanı və kafedra müdiri vəzifələri üzrə müsabiqələr keçirilib. 2017-ci ildə 4 fakültə dekanı, 14 kafedra müdiri müsabiqə yolu ilə müvafiq vəzifələrə təyin olunublar. 14.12.2018-ci ildə verilən növbəti elana əsasən 6 nəfər müvafiq kafedralara seçilərək müdir təyin edilibər.
Azərbaycan Respublikası Prezidentinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları” ilə bağlı 7 may 2008-ci il tarixli Sərəncamının nəticəsi olaraq 2016-ci illə müqayisədə hazırda ADPU-da 32 qadın struktur rəhbəri təyin edilib. Qeyd edək ki, 20 nəfər qadın rəhbər 2016-cı ildən sonra təyin olunub. Universitetdə kadrların gəncləşdirilməsi məqsədilə ADPU-nu fərqlənmə diplomu ilə bitirmiş magistr, doktorant, dissertantlar və eyni zamanda xaricdə təhsil almış peşəkar gənclərin işə cəlb olunması nəzərdə tutulub. İnzibati vəzifələrin tutulması üzrə Müsabiqə Komissiyası yaradılıb və vakant vəzifələr üzrə müsabiqə elan edilib. Müsabiqə barədə ilk elan 9 oktyabr 2017-ci il tarixdə “Azərbaycan müəllimi” qəzetində, eyni zamanda ADPU-nun saytında yerləşdirilib. Həmin vaxtdan bugünədək 7 dəfə müsabiqə elan edilib. Vakant vəzifələrin tutulması üçün verilmiş elanlara əsasən İnsan resursları şöbəsi tərəfindən ümumilikdə 281 nəfər namizədin sənədi qəbul edilib. Onlardan 64 nəfəri müxtəlif vəzifələrə seçilərək işlə təmin ediliblər. İşlə təmin olunan 64 nəfərin 44 nəfəri ADPU-nun məzunlarıdır. Məhz bu cür əməkdaşların sayəsində ADPU-nun kadr heyətinin peşəkarlıq qabiliyyətini yaxşılaşdırmaq, idarəetmə sistemini təkmilləşdirmək, tədrisin keyfiyyətini yüksəltmək, müasirləşdirmək və bütövlükdə universitetin hərtərəfli inkişafına yönələn tədbirləri davam etdirmək nəzərdə tutulub.
Universitetin professor-müəllim heyətinin müasir dövrün tələblərinə uyğun motivasiya sisteminin qurulması üçün Reytinq Qiymətləndirmə sistemi yaradılıb, 2018-ci maliyyə ilinin nəticələrinə əsasən reytinq qiymətləndirməsi aparılıb və ən yaxşı nəticə toplamış 100 nəfər müəllimin aylıq əməkhaqqına 100 manat əlavə hesablanmasına qərar verilib. Həmçinin ADPU-nun müəllimlərinin bacarıqlarının artırılması istiqamətində universitet bir çox layihələr həyata keçirib və bu iş hazırda da davam edir. Əməkdaşların əmək hüquqlarının və əmək intizamının qorunması istiqamətində də işlər davam etdirilir. İnsan resurslarının idarə olunmasının optimallaşdırılması və müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün bəzi iş istiqamətləri üzrə xidmətlərin şirkətlər tərəfindən həyata keçirilməsi yolu ilə heyətin peşəkarlığı və intizamı artırılıb. Əməkdaşların əmək intizamının artırılması, əmək öhdəliklərinin vaxtında və qüsursuz icra edilməsi üçün İntizam Komissiyası fəaliyyət göstərir və inzibati tənbeh tədbirləri görülür.
Q.Qədimova çıxışının sonunda qeyd edib ki, qarşıdan gələn dövrdə professor-müəllim və tədris-köməkçi heyətin qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilməsi üçün sistemli tədbirlər davam edəcəkdir. Xüsusilə kafedraların dərs yükünə uyğun olaraq tədris-köməkçi heyətin sayının uyğunlaşdırılmasına, tyutorların sayının tədricən universitet tərəfindən təşkil olunmağa başlamış tyutorluq kursunu uğurla bitirmiş müdavimlər hesabına artırılmasına, xarici dil və kompüter bilikləri yüksək olan gənclərin işə cəlb olunmasına, əməkdaşların universitetdəki fəaliyyətinə görə əməkhaqqı siyasətinin təkmilləşdirilməsinə, professor-müəllim heyətinin daha da gücləndirilməsi işlərinə diqqət artırılacaqdır.
Elmi Şura Q.Qədimovanın hesabatını qəbul edib.
“ADPU-nun Fizika və texnologiya fakültəsinin fəaliyyəti haqqında” hesabatla çıxış edən fakültənin dekanı, dosent Arzu Daşdəmirov qeyd edib ki, fakültədə 3 kafedra-Ümumi fizika kafedrası, Fizikanın tədrisi metodikası kafedrası, Texnologiya və onun tədrisi metodikası kafedrası və 1 elmi-tədqiqat laboratoriyası- Nadir torpaq materialları fizikası elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Hazırda fakültədə 79 nəfər çalışır. Onlardan 52 nəfəri professor-müəllim heyəti, 27 nəfəri isə tədris-köməkçi heyətidir. 1 professor Əməkdar müəllimdir. Fakültədə ali təhsilin bakalavriat səviyyəsində 2 ixtisas üzrə-“Fizika müəllimliyi” ixtisası və “Texnologiya müəllimliyi” ixtisası üzrə kadr hazırlığı aparılır. “Fizika müəllimliyi” ixtisasında 368 nəfər tələbə, “Texnologiya müəllimliyi” ixtisasında 299 nəfər, ümumilikdə 667 nəfər tələbə təhsil alır. 2018-2019-ci tədris ilində fakültəyə ali təhsilin magistratura səviyyəsində 19 nəfər magistr qəbul olunub. Hazırda fakültədə 37 nəfər magistr təhsili alır. Fakültədə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir. Fakültədə universitetdə ilk dəfə olaraq Eksperimental qruplar yaradılıb. Onlara tədris planında nəzərdə tutulan fənlərdən əlavə STEM, Science, Engeenering, xarici dillər də tədris olunur. Fakültədə həmçinin Praktik Bacarıqlar Mərkəzi yaradılıb.Fakültənin tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsində fakültənin əməkdaşlarının AMEA-nın Fizika İnstitutu ilə birlikdə təqdim etdikləri “Kationları nadir torpaq elementləri ilə qismən əvəz edilmiş mis xalkogenidlərinin quruluş və dielektrik xassələrinə qamma-şüalanmanın təsiri” mövzulu layihə qalib layihələr sırasındadır.
Fakültədə tədris-metodiki, elmi və tələbələrlə işin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında geniş məlumat verən dekan A.Daşdəmirov qeyd edib ki, fakültənin inkişaf strategiyasında fakültənin tamamilə yeni strateji planının hazırlanması, konkret məqsədlərin, real hədəflərin müəyyən olunması, gələcək dövrün tələblərinə cavab verə biləcək mütəxəssis hazırlığını təmin edən yeni standartların tətbiqi, təhsil proqramları, eləcə də tədris materiallarının məzmununun müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsi və təkmilləşdirilməsi, müasir dövrün tələbatlarına və dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrinə uyğun olaraq hər bir ixtisas üzrə standartların yenidən hazırlanması, təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji kadr hazırlığı üzrə müasir tədris planlarının hazırlanması, tədris planlarına STEM dərslərinin daxil edilməsi, gələcəkdə fakültədə STEM ixtisaslı mütəxəssis hazırlığının təşkili, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur. Eyni zamanda elmi-tədqiqatların məzmununun müasir dövrün tələblərinə uyğun müəyyən edilməsi və keyfiyyətinin artırılması, o cümlədən aparılan elmi-tədqiqatlar ilə tədris prosesinin əlaqələndirilməsi, fakültənin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, tələbələrin və professor-müəllim heyətinin mübadilə proqramlarında iştiraklarının təmin edilməsi, akademik heyətin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması, müasir tələb və texnologiyalar əsasında, fakültənin müsbət ənənələrini qoruyaraq tədris sisteminin kompleks modernləşdirilməsi, əmək bazarının tələbatının monitorinqi və buna uyğunlaşdırılmış qəbul planlarının müəyyənləşdirilməsi, kadr potensialının inkişafı, intellektual mühitin yaxşılaşdırılması, müasir təhsil tələblərinə, elmi fəaliyyətə və sosial-mədəni tələblərə cavab verən fakültə infrastrukturunun yaradılması, səmərəli idarəçiliyin təmin edilməsi, gənclərin innovativ yaradıcılıq mərkəzlərinin yaradılması, mütəxəssislər və yeni başlayanlar üçün distant təlimlərin keçirilməsi, müxtəlif tədris, elmi-texniki və treninq informasiya mərkəzləri yaratmaqla, innovativ layihələrin dəstəklənməsi fakültənin inkişaf strategiyasının başlıca istiqamətləri kimi müəyyən edilib. Fakültənin missiyasına müasir keyfiyyət standartları əsasında fizika müəllimliyi və texnologiya müəllimliyi ixtisasları üzrə pedaqoji təhsil sahəsində respublikada liderliyin ələ alıınması,əmək bazarında tələb olunan yüksəkixtisaslı, səriştəli mütəxəssis hazırlığı, tədrisin səmərəsini yüksəltməklə fakültəyə keyfiyyətli tələbə heyətinin cəlb edilməsi daxildir. Fakültənin hədəfləri isə baza kafedralarında müxtəlif ixtisaslaşmalar üzrə magistr hazırlığını bərpa etmək, fizika ixtisası üzrə bakalavr hazırlığının yenidən bərpası, tədrisi ingilis dilində olan qrupların formalaşdırılmasına nail olmaq, müxtəlif qrant layihələrinə qoşulmaqla elmi-tədqiqat fəaliyyətinin inkişafını təmin etmək, STEM müəllimliyi ixtisasının yaradılmasına nail olmaq, qoşa ixtisaslarda mütəxəssis hazırlığını təşkil etməkdir.
Dekan A.Daşdəmirov hesabat məruzəsində təlim-tərbiyə və tələbələrlə iş, ictimai fəaliyyət barədə də geniş məlumat verib. Çıxışının sonunda A.Daşdəmirov tədris prosesinin müasir tələblərə cavab verən şəkildə qurulması üçün təkliflər irəli sürüb.
Fizika və texnologiya fakültəsində aparılmış monitorinqin nəticələri barədə Monitorinq qrupunun rəhbəri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib.
Elmi Şura dosent A. Daşdəmirovun hesabatını qəbul edib.
Professor Nizami Xudiyev, professor Malik Cəbrayılov, professor Himalay Qasımov, professor Zahid Xəlil, professor İramin İsayev, professor Nailə Verdizadə, dosent Şahin Pənahov, dosent Gülçöhrə Alıyeva və başqaları tədris prosesinin daha səmərəli qurulması, tədris planlarının təkmilləşdirilməsi və xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi üçün təkliflərlə çıxış ediblər.
Cari məsələlərin müzakirəsi zamanı Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU-da professor-müəllim heyətinin seçki müsabiqəsində iştirak edəcək iddiaçıların fəaliyyətini qiymətləndirmə meyarları, ADPU və filiallarda fakültə elmi şuralarının formalaşdırılması ilə bağlı Təhsil Nazirliyində 13 sentyabr 2018-ci il tarixində keçirilmiş Kollegiya iclasında təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında Əsasnamə”nin tətbiq edilməsi haqqında, ali təhsil müəssisələrində əlavə təqaüd yerlərinin bölgüsü barədə, ADPU-da təşkil olunan tədbirlərin əlaqələndirilməsi və infrastrukturdan səmərəli istifadə olunması barədə, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov ADPU-da “Tyutor (akademik məsləhətçi) hazırlığı” kurslarının təşkili Qaydaları barədə, elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzularının və elmi rəhbərlərin təsdiqi barədə, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüdə layiq görülmüş namizədlərin təsdiqi haqqında, Keyfiyyətin təminatı şöbəsinin müdiri Rəşad Sadıqov ADPU-da reytinq qiymətləndirməsinin nəticələrinə əsasən müxtəlif nominasiyalar üzrə təltifetmənin keçirilməsi haqqında məlumat veriblər. Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Oxşar xəbərlər