UNEC-də Universitetlərarası 1-ci Kitabxana Forumu keçirildi

UNEC-də Universitetlərarası 1-ci Kitabxana Forumu keçirildi UNEC-də təşkil olunan Universitetlərarası 1-ci Kitabxana Forumunda təhsil sistemində universitet kitabxanalarının funksionallığının artırılması, tələbələrə və tədqiqatçılara daha açıq və əlçatan olması, onların öz resurslarını və xidmətlərini ali təhsil müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə inteqrasiya etməsi kimi bir sıra məsələlər müzakirə edilib.
Kitabxana universitetin məlumat mərkəzi kimi açıq elm təşəbbüsünə yardım etməli, universitet alimlərinin tədqiqat nəticələrini, kontentini tam və keyfiyyətlə dünya məlumat və bilik məkanında nümayiş etdirməlidir. Elmi kommunikasiyanın mürəkkəbləşməsi və onun on-line rejimə keçməsi tədqiqatın bütün mərhələsində tədqiqatçılara kömək etməyi universitet kitabxanaları qarşısında əsas vəzifə kimi qoyur.
Kitabxanaların “anbar” modeli öz əhəmiyyətini sürətlə itirir. Çap olunmuş kitabların əsas məlumat mənbəyi rolunu itirməsi və bununla yanaşı, məlumat bolluğu təmin etmiş müasir texnologiyalar kitabxana məkanının təşkilində nəzərə alınmalıdır.
Universitet kitabxanalarının modernləşməsi və onların göstərdiyi xidmətlər spektrinin genişləndirilməsi vəzifəsi kitabxananın mövcud idarəetmə modelinin təkmilləşdirilməsini, eləcə də innovasiyaların genişləndirilməsini, istedadlı və peşəkar kadrların qorunması və cəlb edilməsini tələb edir.
Bütün bunlarla yanaşı, rektor həm də təklif edir:
1. Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyası yaradılsın.
2. Universitet kitabxanalarının elektron informasiya resursları birləşdirilsin və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanı yaradılsın. Bunun üçün isə ilk növbədə universitet kitabxanalarının elektron kataloqlarının vahid şəbəkəsi yaradılmalıdır.
3. Universitet kitabxanaları arasında kitab mübadiləsi sistemi qurulsun.
4. Universitet kitabxanalarının aldıqları yeni kitablar haqqında vahid məlumat mübadilə sistemi yaradılsın.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər