Bakı Ali Neft Məktəbində dünyada beşinci ACCA mərkəzi yaradılıb

Bakı Ali Neft Məktəbində dünyada beşinci ACCA mərkəzi yaradılıb Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində (BANM) "British Council"ın tərəfdaşı olduğu Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyinin (Association of Chartered Certified Accountants - ACCA HUB mərkəzi) yeni mərkəzinin açılışı olub.
Dünyada fəaliyyət göstərən ACCA HUB mərkəzlərinin sayı 4-dür, 5-ci mərkəz məhz Bakı Ali Neft Məktəbində yaradılıb və ən unikal mərkəz hesab olunur. Bu mərkəzdə digər mərkəzlərdən fərqli olaraq yalnız ingilis dilində ACCA imtahanları deyil, həm də rus dilində olan ACCA imtahanlarına da nəzarət olunacaq. Bakı Ali Neft Məktəbində yaradılan mərkəz fəaliyyətinə iyunun 7-11-də başlayacaq və təxminən 2000-dən çox insan onlayn imtahanda iştirak edəcək.
Mərkəz hazırda ACCA üçün nəzərdə tutulsa da, növbəti aylarda digər beynəlxalq imtahanların da keçirilməsi üçün istifadə oluna bilər.
Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, "British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah, ali məktəbin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. Bakı Ali Neft Məktəbi ilə “British Council” arasında əməkdaşlığa dair müqavilə də imzalanıb.
ACCA (Association of Chartered Certified Accountants- Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyi) dünyanın ən sürətli inkişaf edən mühasiblər qurumudur və “British Council” ilə 30 ildən artıqdır tərəfdaşdır. İlin hər rübündə “British Council” imtahan mərkəzlərində 200 mindən daha çox insan bu imtahanlarda iştirak edir və peşəkarlıqlarını daha da artırır. ACCA pandemiya dövründə hər kəsin peşəkar inkişaf prosesinin davamlı olması üçün əlindən gələni edir və artıq 130 ölkədə bu imtahanı vermək istəyən insanlar üçün imtahan mərkəzi və ya evlərində bunu həyata keçirməyi mümkün edir. "British Council"ın təklif etdiyi onlayn nəzarət sistemi ilə hazırda eyni vaxtda yüzlərlə insanı evlərində imtahan etmək mümkündür.
İmtahanlar ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr) və hər dəfə 5 gün olmaqla bütün saat qurşaqlarını əhatə edən mərkəzlər tərəfindən idarə olunur. Bu mərkəzləri müxtəlif təlimlər keçmiş peşəkar imtahan heyəti hər 15 dəqiqə ərzində imtahana daxil olanları qəbul edib, birə-bir otaqlara qeydiyyat edərək şəxsiyyət vəsiqələrini yoxlayaraq imtahanı idarə edirlər. Bu onlayn platforma məlumat gizliliyini qorumaq üçün bütün tələblərə cavab verir.

Tehsil-press.az




Oxşar xəbərlər