Dövlət Neft və Sənaye Universiteti, “BP Azerbaijan” və “British Council” arasında müqavilə imzalanıb

Dövlət Neft və Sənaye Universiteti, “BP Azerbaijan” və “British Council” arasında müqavilə imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “BP Azerbaijan” və “British Council” təşkilatı arasında müqavilə imzalanıb.
İmzalanma mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı müqavilənin əhəmiyyətindən danışıb. O, ali təhsilin keyfiyyətinin yüksəldilməsi işində qabaqcıl dünya təcrübəsinin öyrənilməsinin önəmini qeyd edərək, professor-müəllim heyətinin və tələbələrin, xüsusilə ingilis bölməsində tədris aparan əməkdaşların və təhsil alan gənclərin ingilis dilinə yüksək səviyyədə yiyələnmələrinin vacibliyini vurğulayıb. ADNSU-nun bununla bağlı hazırladığı təklif layihəsinə müsbət münasibət bildirdiyinə, qısa müddət ərzində maliyyə vəsaiti ayırdığına və təşkilati işləri həll etdiyinə görə “BP Azerbaijan” şirkətinə təşəkkürünü bildirən rektor bunun sayəsində texniki fənlərin ingilis dilində tədrisinə böyük töhfə veriləcəyini deyib. Şirkətin ingilis dilini tədris edəcək tərəfdaşın seçilməsi məsələsini ADNSU-nun ixtiyarına verdiyini qeyd edən rektor M.Babanlı universitetin artıq səmərəli əməkdaşlıq təcrübəsi olduğu “British Council”ın Azərbaycandakı ofisinin seçildiyini söyləyib.
“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə” vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin təhsil layihələrinə daim diqqət və həssaslıqla yanaşdığını bildirib. O, ADNSU-nun müvafiq təklifinin şirkət üçün əhəmiyyətini qeyd edib. Dövlət Neft və Sənaye Universitetinin neft, qaz, mədən, kimya və digər mühəndis ixtisasları üzrə kadr hazırlanmasında zəngin təcrübəsini və ali məktəbin bir çox məzunlarının şirkətdə çalışdıqlarını qeyd edən Bəxtiyar Aslanbəyli hazırkı tələbələrin gələcəkdə “BP Azerbaijan”ın potensial əməkdaşları kimi nəzərdən keçirildiklərini söyləyib və buna görə də onların yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi işini dəstəklədiklərini vurğulayıb.
“British Council”ın Azərbaycandakı ofisinin direktoru Samr Şah ADNSU ilə artıq neçə ildir ki, əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək belə bir irimiqyaslı layihədə universitet və “BP Azerbaijan” ilə birlikdə iştirak etməkdən məmnun olduqlarını bildirib. O, “British Council”ın Azərbaycandakı ofisi üçün də bu layihənin əhəmiyyətli təcrübə olacağını vurğulayıb.
Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “BP Azerbaijan” şirkəti və “British Council” təşkilatı arasında müqavilə imzalanıb.
Sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah imzalayıblar.
Sənədə əsasən universitetin 90 müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçiriləcək. Razılaşmaya əsasən, mayın 1-dən başlanacaq təlimlər iyul-avqust ayları istisna olmaqla dekabrın 31-dək davam edəcək. Təlimlər həftədə 3 dəfə 2 tədris saatı keçiriləcək. “British Council” təşkilatı “Aptis” testindən istifadə edərək bütün müəllimləri testdən keçirəcək. “Aptis” üzrə ən yüksək bal toplamış 15 ingilis dili müəllimi (ən aşağı B2 və daha yüksək) ingilis dili təlimçisi kimi seçiləcək. “British Council”ın mütəxəssisləri ADNSU-nun 15 müəlliminə və onlar da öz növbəsində ikinci semestr ərzində 200 tələbəyə təlim keçəcəklər. “British Council” təşkilatı tərəfindən icra olunacaq layihənin dəyəri 193 min manat təşkil edir.

ADNSU-nun Mətbuat Xidməti


Dövlət Neft və Sənaye Universiteti, “BP Azerbaijan” və “British Council” arasında müqavilə imzalanıb

Oxşar xəbərlər