Azərbaycan Dillər Universitetində “Yay məktəbi: Çində işgüzar həyat” adlı seminar təşkil olunub

Azərbaycan Dillər Universitetində “Yay məktəbi: Çində işgüzar həyat” adlı seminar təşkil olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Yay məktəbi: Çində işgüzar həyat” adlı onlayn seminar keçirib.
Seminarı açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iki ölkə arasında əlaqələrin inkişafının əsas tarixi mərhələləri haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malikdir. Ölkəmiz geniş infrastruktur imkanları, zəngin neft-qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək Yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur. R.Abbasov Azərbaycanın həmin layihədə fəal iştirakının sənaye istehsalı sahəsində, neft və qaz sektorunda, yüksək texnologiyaların inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin əməkdaşlığını daha da genişləndirməyə imkan yaratdığını, bununla da ölkəmizin Çinin mühüm strateji tərəfdaşına çevrildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova Çində işgüzar həyatın necə formalaşdığı haqqında məlumat verib. O, Çin iş adamlarının həyat xoşbəxtliyinin əsas ölçüsünün - həm gəlir, həm də mənəvi məmnunluq gətirən iş olduğunu bildirib. Ş.Məmmədova çinlilər üçün həyatın dayanmadan uğura doğru inkişaf edən biznes modeli və bunun xoşbəxtliyin açarı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, çinlilərin iş sektorunda uğur qazanmalarının əsas səbəbi onların zəhmətsevərliyi, məşğul olduqları işə sevgi və məsuliyyətlə yanaşmalarıdır.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər