UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri və diplomları təqdim olunub

UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri və diplomları təqdim olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin və 2021-ci il məzunlarına isə həmin universitetin diplomlarının təqdim edilməsi mərasimi keçirilib.
Fransanın ölkəmizdəki səfiri Zakari Qros və ADNSU-nun rektoru professor Mustafa Babanlı UFAZ Tələbə Şurası üçün ayrılmış xüsusi otağın açılışında iştirak ediblər.
Qonaqlara tələbə klubları və onların fəaliyyəti barədə məlumat verilib.
Sonra UFAZ-ın konfrans zalında rəsmi tədbiri açan universitetin baş katibi Yelizaveta Bıdanova bu il bakalavr pilləsinə 140 nəfərin qəbul olunduğunu bildirib. O, ADNSU ilə Strasburq Universiteti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. UFAZ məzunlarının malik olduqları təcrübənin onlara əmək bazarında daha geniş imkanlar yaratdığını, sənayenin bir çox sahələrində yerli və xarici şirkətlərə işə qəbul olunduqlarını qeyd edib.
ADNSU-nun rektoru professor M.Babanlı deyib: “Müstəqil Azərbaycan gənc nəslə güvənir. Hər kəs, xüsusilə UFAZ məzunları hər bir sahədə Azərbaycana daha yaxşı xidmət etmək üçün çalışmalıdır”. Rektor, həmçinin Ermənistanla son müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olan əsgərləri xatırladaraq bildirib ki, onlar hərbi xidmət keçdiyi kimi, məzunlar da çalışdıqları sahədə Vətənimizə xidmət edəcəklər. M.Babanlı UFAZ layihəsinə böyük etimad göstərdiyini bildirib və məzunlara uğurlar arzulayıb.
Fransa Respublikasının ölkəmizdəki səfiri Zakari Qros çıxışında bildirib: “UFAZ həm Fransa, həm də Azərbaycan üçün çox mühüm layihədir. Məzunlar təkcə UFAZ-ı deyil, Fransa-Azərbaycan tərəfdaşlığını və həmin tərəfdaşlığın nailiyyətlərini təmsil edir”.
Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti və UFAZ-ın Tədqiqat departamentinin rəhbəri Filip Turek çıxışında ali təhsil müəssisənin tələbə kartlarının üstünlüklərindən danışıb.
Sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə sertifikatlar və tələbə kartları təqdim olunub. Tədbirdə, həmçinin 2021-ci il UFAZ məzunlarına Strasburq Universitetinin diplomları verilib.
Sonda tələblərlə xatirə şəkli çəkilib və UFAZ tələbələri musiqi nömrələri ilə çıxış edib.

Tehsil-press.az


Oxşar xəbərlər