“Bir peşənin sirri” festivalı keçirilib

“Bir peşənin sirri” festivalı keçirilib Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhər, Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçirilib.
Festivalın açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış ediblər. Çıxışlar zamanı peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb.
Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir. Peşə təhsili iqtisadiyyatı dəstəkləyən təhsil pilləsidir. Peşə təhsili inkişaf etməli, dəyişməli və sənayenin tələblərinə cavab verməlidir. Bu istiqamətdə görülən əsas işlər peşə təhsilinin əhatəsini artırmaq və onun əlçatanlığını genişləndirməkdən ibarətdir. Eyni zamanda, peşə təhsili müəssisələrinin maddi-texniki bazası da gücləndirilməlidir. Hazırda gənc mütəxəssislərə ehtiyac var. Ümid edirik ki, peşə təhsili sahəsində aparılan işlər, göstərilən səylər bu istiqamətdə öz töhfəsini verəcək.
Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar və viktorinalar keçirilib. Peşə təhsili müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
“Bir peşənin sirri” festivalına Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Festivalın media tərəfdaşı İctimai Televiziya və Radio Yayımları şirkətidir.

Tehsil-press.az


Oxşar xəbərlər