YTP ilə Koreyanın elmi müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

YTP ilə Koreyanın elmi müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub Yüksək Texnologiyalar Parkında (YTP) Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Koreya Respublikasının İnha Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Baş direktor iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov qonaqlara rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti, o cümlədən rezidentlər üçün yaradılan şərait, vergi, gömrük və sığorta güzəştləri haqqında məlumat verib.
Texnoparkın infrastrukturu ilə tanış olan qonaqlar təcrübə-sınaq laboratoriyasının iş prinsipi və avadanlıq haqqında məlumatlandırılıb, onlara YTP-nin əsas rezidentlərindən olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi məhsullar təqdim edilib.
Görüş zamanı, həmçinin neft-kimya sahəsində fəaliyyət göstərən Koreya elmi müəssisləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Təmsil etdiyi qurum haqqında məlumat verən İnha Universitetinin Tədqiqat və Biznes Fondunun prezidenti Joo Hyung Kim Bakı Mühəndislik Universiteti ilə aparılan əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Koreya Respublikasının təhsil təcrübəsini əldə etmək imkanı qazanıb. Digər ölkələrlə də həyata keçirilən bu kimi ikili diplom proqramlarının önəmindən bəhs edən qonaqlar təhsil, elm və innovasiya sahələrində Koreya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına dair təkliflərini səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər