Bu il 1125 “SABAH” tələbəsi məzun olub

Bu il 1125 “SABAH” tələbəsi məzun olub Heydər Əliyev Mərkəzində “SABAH” Məzunu-2023” mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatları, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “SABAH” məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Küçələrə su səpmişəm” və Cahangir Cahangirovun “Qarabağ bəstəsi” “SABAH” müəllimi Dmitri Babayevin aranjimanında və “SABAH” qruplarının ifasında səsləndirilib.
“SABAH” Məzunu 2023 videoçarxı nümayiş olunub.
Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli “SABAH” məzunlarını təbrik edib, layihənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq “SABAH” qrupları fəaliyyətə başlayıb. Pilot layihə kimi başlayan “SABAH” qruplarının ali təhsilə yeni yanaşma fəlsəfəsi olduğunu söyləyib. “SABAH”ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir müavini “SABAH” tələbələrinin sayının 500 mini ötdüyünü qeyd edib. Bu gün 1125 tələbənin “SABAH” qruplarından məzun olduğunu söyləyən Həsən Həsənli məzunlara tövsiyələrini çatdırıb, bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.
Nazir müavini bu gün məzun olan “SABAH” tələbələrinin böyük əksəriyyətinin peşə fəaliyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı olacağına əminliyini ifadə edib.
Daha sonra “SABAH” məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi “SABAH” açarı hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülüb.
Ən yüksək göstəriciləri ilə fərqlənən “SABAH”ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Mərasimin sonunda tələbələrin ifasında “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.
Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. 2022-2023-cü tədris ilində 11 ali təhsil müəssisəsi və 29 ixtisas üzrə 827 tələbə, 7 ixtisas üzrə 298 magistrant məzun olur. 2022-2023-cü tədris ili üzrə 32 ixtisas üzrə 985 tələbə “SABAH” tələbəsi adını qazanıb. 2022-2023-cü tədris ilində bu qruplarda ümumilikdə 2563 tələbə bakalavr, 727 tələbə isə magistr təhsili alıb.

Tehsil-press.az

Oxşar xəbərlər