Ölkə gəncləri arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir

Ölkə gəncləri arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində gənclərin nəcib könüllü əməllərinə daha çevik dəstək vermək və yönləndirmək məqsədi ilə 100emel.konullu.az internet saytı yaradılaraq istifadəyə verilib.
Sayt 5-19 dekabr tarixləri aralığında ölkə üzrə həyata keçirilən “100 Könüllü Əməl!” adlı kampaniyanın həyata keçirilməsinə dəstək göstərəcəkdir. Belə ki, kampaniyada iştirak etmək istəyən gənclər 100emel.konullu.az saytına daxil olub, “Əməl seç” düyməsini klikləyərək qarşısına çıxan hər hansı bir əməli həyata keçirməli və #100emel həştəqi ilə sosial mediada paylaşım etməlidir. Bu paylaşımla digər gəncləri də xeyirxah əməllərə çağırış edən gənclər kampaniyanın fəal iştirakçısı olacaqdır.
Ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatı bu gün daha geniş imkanlara sahibdir və “Azərbaycan Könüllülük Həftəsi 2023”ün də əsas məqsədlərindən biri bu imkanları ölkə gənclərinin diqqətinə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

Tehsil-press.az


Oxşar xəbərlər