Tanınmış həkimlərin şikayəti təmin edilmədi - Zabit bəraət aldı

Tanınmış həkimlərin şikayəti təmin edilmədi - Zabit bəraət aldı Binəqədi Rayon Məhkəməsində “Funda” klinikasının qastroenteroloqu Fərrux Nağıyev və “Medistyle” xəstəxanasında reanimatoloq işləmiş Zəfər Hacı-Həsənlinin xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Hər iki həkim hüquq-mühafizə orqanlarından birində zabit olan A.Comərdovun cəzalandırılmasını tələb edib.

Onlar A.Comərdovun yutub sosial şəbəkəsində barələrində böhtan xarakterli məlumatlar yaydığını iddia ediblər və bu səbəbdən Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əsasən cəzalandırılmasını istəyiblər.

Bildirilib ki, bir müddət əvvəl A.Comərdovun həyat yoldaşı qaraciyər sirrozu xəstəliyi ilə əlaqədar qeyd edilən həkimlərin xidmətindən istifadə edib. Lakin ailə aldıqları tibbi yardımın keyfiyyəti və qiymətindən narazı qalıb. Bundan sonra A.Comərdov həyat yoldaşının səhhəti ilə bağlı yutub kanallarından birinə müraciət edərək həkimlərdən şikayətinin olduğunu deyib və həmin şikayət canlı yayımda oxunub.

Şikayətdə həkimlər barəsində: “10 ay əvvəl “Funda” klinikasının həkimi Fərrux Nağıyev və “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacı-Həsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb, götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni həyat yoldaşım təcili yardım maşını ilə gətirdi, son vəsiyyətimi edərək ölüm anımı gözlədim. Lakin həyat yoldaşım daha sonra məni başqa klinikaya apardı.

Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə yarıtmaz, qeyri-peşəkar cəllad, ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Fərrux Nağıyev və Zəfər Hacı-Həsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı”, - sözləri yer alıb.

Təqsirləndirilən A.Comərdov isə məhkəmədə ifadəsində yutub kanalına müraciət etmədiklərini deyib. O, ali təhsilli zabit olduğunu və məsələ ilə bağlı dövlət qurumlarına ərizə yazdığını bildirib: “Həyat yoldaşım qaraciyər sirrozundan əziyyət çəkir. Onun yaşaması üçün iki ay ərzində ciyər köçürülməsinin labüdlüyü deyilmişdi. Lakin maddi imkanım olmadığından qaraciyər köçürülməsini təmin edə bilmədik. Bundan sonra televiziyadan adını ciyər həkimi kimi eşitdiyimiz Fərrux Nağıyevin yanına getdik.

F.Nağıyev məni və yoldaşımı “Funda” hospitalda qəbul etdi. “Funda”, “Oksigen”, “Güvən”, “Medistyle” klinikalarında, Bakı Patologiya Mərkəzi, “Caspian” xəstəxanasına və adını xatırlamadığım digər xəstəxanalara analizə göndərildik. Qaraciyərindən başqa bütün orqanlarını da yoxlatdırdıq. Daha sonra ona qaraciyərlə bağlı damarlarında tromb olduğunu və bunların açılmalı olduğunu bildirdilər. Qaraciyərlə bağlı əməliyyat olunub-olunmayacağını soruşdum, həkim buna zərurət olmadığını, arvadımı sağaldacağını üzərinə götürdüyünü söylədi.

Bundan sonra 1 aydan çox müalicə aparıldı. Müalicə ilə bağlı alınması üçün Fərrux Nağıyevin köməkçisi orijinal olduğunu bildirərək Respublika Xəstəxanasının yanında yerləşən aptekdən dərmanlar almağa göndərdi. Əczaçı üzərində Fərrux yazılmış reseptə baxaraq 650 manat aldı. Sumqayıtdakı aptekdə isə həmin reseptdəki dərmanların qiyməti 277 manat oldu. 1 ay 9 gün arvadımı müalicə etdi, bu müddət ərzində qadının vəziyyəti daha da ağırlaşdı. Fərrux Nağıyev çox biganə yanaşırdı, onu sağalda bilmədiyini görüb “Medistyle” hospitalda işləyən Zəfər Hacı-Həsənlinin yanına göndərdi.

Zəfər həkim müayinə edərək xəstəxanada stasionar şəraitdə qalmalı olduğunu, xəzinəyə 2500 manat pul ödəməli olduğumu, xaricdən dərmanlar gətirilməsi adı ilə məndən 2500 manat, daha sonra isə digər xərclər adı ilə 500 manat aldı. Lakin 2 gün sonra İ.Comərdovanın vəziyyətinin ağır olduğunu, onu xilas etməyin mümkün olmadığını qeyd edərək xəstəxanadan çıxarmağı söylədi”.

A.Comərdov hazırda arvadının həyatda olduğunu və başqa klinikada tibbi xidmət aldıqlarını deyib. O, adları çəkilən həkimlərdən prokurorluq orqanlarına şikayət etsə də, cinayət işinin başlanması tələbi rədd edilib.

Məhkəmə isə həkimlərin A.Comərdov barəsindəki xüsusi ittiham qaydasındakı şikayətini əsassız sayıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə onun təqsiri sübuta yetirilmədiyindən bəraət verilib. Belə ki, yutubda səsləndirilən fikirlərin A.Comərdova məxsus olmasını göstərən sübut aşkar edilməyib. Həmçinin yutubda həmin sözləri oxuyan şəxsin özünün də hazırda həbsdə olduğu qeyd edilib.

Qeyd edək ki, həkim Zəfər Hac-Həsənli artıq “Medistyle” hospitalda işləmir. O, əməkhaqqını ala bilməməsi iddiası ilə həmin klinikanı məhkəməyə verib./“Qafqazinfo”/

Tehsil-press.az

Oxşar xəbərlər