Allah sizə lənət eləsin

Allah sizə lənət eləsin Lənət sözü dinimizdə və eləcə də dilimizdə ən ağır, ittihamedici sözdür... Bu sözdən çox vaxt şeytana, bəzən də şeytan qəlbli-üzdə mələk, daxildə kələk olanları xatırlayanda istifadə edirik... Onları görəndə, yaxud da onlardan söz düşəndə deyirik - şeytana lənət... Ancaq neyniyəsən ki, məcbur olub bu sözdən istifadə edirsən, çünki bunu onların özləri haqq ediblər, yəni qazanıbar...
Bu yaxınlarda televiziyada Çexiya dövləti ilə bağlı (keçmiş Çexislovakiya) bir verilişə baxırdım. Aparıcının bir sözü – Çexiyanın yeraltı sərvəti az olsa da, yerüstü sərvəti ondan üstün və çoxdur – məni daha çox tutdu. Arxitekturalı binalarda qədimliyini qoruyub saxlayan ölkəyə baxdıqca heyrətlənməyə bilmirsən. On bir milyon əhalisi olan ölkəyə bir ildə 9 milyondan çox turist gəlir və turistlərin sevimlisi olan bu Avropa ölkəsi demək olar ki, öz büdcəsini turist səfərləri ilə formalaşdırır.
Məsələ onda deyil, Praqa şəhərinə baxanda, Bakı gözümün önündə bir daha canlandı. Səni bu kökə salalanlara Allah lənət eləsin, əlbəttə bu kəlmədən başqa heç nə deyə də bilməzdim. Lənət olsun o qədimliyi, gözəlliyi, yaşıllığı məhv edib, eybəcər, bir-birinin içinə sığınan yöndəmsiz bina tikənlərə, onlara şərait yaradıb, icazə verənlərə! Bu nədir, bu tarixi bir faciədir. Ölkədə yalnız bir məşğuliyyət var bina tikmək, başqa heç nə! Bu Paytaxtdır, cəngəllik deyil ki? Nə olub. Nəfəs alınası, gəziləsi yer qalmayıb, nə baş verir axı? Bəlkə planlı şəkildə ölkə Bakıya daşınır. Rayonlar, kəndlər boşalır, artıq boşalıb da. Dəhşətə bax, Avropaya qaz satan ölkənin kəndlərində qaz yoxdur. Yeraltı, yerüstü sərvətərilə zəngin ölkənin əhalisi İranın, Rusiyanın, Gürcüstanın keçid sərhəd məntəqələrində qalıb, acından ölməmək üçün ərzaq müharibəsi aparırlar. Dəhşətə bax!!!
Bunu Allah qəbul etməz axı, Azərbaycan Bakıdan-Bakı isə bulvardan ibarət deyil və bu belədir! Niyə, axı! Yalnız bina tikmək, özü də ancaq Bakıda! Ölkə planlı şəkildə Bakıya köçürülür. Bəs bu binalarda sakin olan, yaxud sakin olacaq insanlar harda işləyəcək, haradan qazanc gətirib ailə, uşaq saxlayacaq? Aqrar ölkənin kənd təsərrüfat mallarına, dəniz ölkəsinin dəniz məhsullarına insanlar tamarzı qalb, niyə? Torpaqlar getdi. Əli tutanı, ağlı kəsəni qaçdı, ölkəni tərk etdi. Qaçmağa imkanı olmayanlar da şəhərə qaçdı.
Belə idarəetmə üsulu harda var, harda yazılıb?! Kim nə istəyir onu da edir, kim nə istəyir sökür, tikir, dağıdır, “Bezpridel” nə vaxta kimi?.. Söhbət Bakıdan, ölkənin paytaxtından, ürəyindən gedir. Nə gündədir bu binəva, sahibsiz Bakı, sökülür, tikilir, tikilir, sökülür. Başına min bir oyun açılır, qalıb nadan əlində, lənət olmuşlar əlində...
Ermənilər, lənət olmuşlar Xocalının adını dəyişib İvanyan rayonu qoyublar (Qarabağda döyüşüb “qəhrəman” adı almış ermənidir) fikir verin Xocalıda orta məktəb, Yerevan Tütün Kombinatının filialı... İş yerləri, Əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Bizdə necədir? Şəhərlərimizdə kombinat, zavod işləyirmi ki, rayonlarımızda, bölgələrimizdə də onların filialları açılsın? Bölgələrimizdə yeni-yeni müasir məktəblər tikilir, ancaq onlar boş qalıb, uşaq yoxdur; vaxt var idi kəndlərdə məktəb çatışmırdı, indi məktəb var, uşaq yoxdur. Çünki bütün ölkə Bakıya köçüb. Bakıda da yalnız nə oyun meydançası, nə məktəbi, nə klubu, nə uşaq bağçası ancaq bir-birinin içərisində bina, bu nədir? Şəhərdə yerimək belə mümkün deyil. Sanki Azərbaycan sözü silinib, Bakıyla əvəz olunub. Avropa oyunları keçirilir, Bakıda, İslam oyunları keçirilir, Bakıda, nə bilim maşın yarışması, Bakıda hərbi parad, Bakıda, Bakıda, Bakıda... Bəyəm biz Almaniyada keçirilən oyunlara Berlində, Fransada keçirilənlərə Parisdə, Amerikada keçirilənlərə Vaşinqtonda deyirik? Biz vaxtilə Qarabağı erməniləşdirəndə onun hansı fəsadlar verəcəyini görmürdük? Niyə beş-on min erməni yaşayan bir əraziyə Muxtariyat statusu verilir, yüzminlərlə azərbaycanlı yaşayan respublikalarda - Ermənistanda, Gürcüstanda isə bu status verilmirdi? Onda bizdə niyə olmalıydı?!
Bu gün heç kəsə sirr deyil ki, biz üç bölgə ilə çox vaxt qoşunlar tərəfindən təhdid olunuruq. İndi sual olunur Qarapbağ bölgəsindən, Ermənistandan məcbur köçkün olunan insanlar bu bölgələrdə yerləşdirilməliydi nəinki, Masazırda, Müşfiqabadda, Gəncənin girəcəyində, heç bir təsərrüfat sahəsi olmayan hündür mərtəbəli evlərdə.
Təsərrüfat adamının, kəndlinin əkin-biçin adamının mərtəbələrdə nə işi. Nə vaxta kimi bu işgüzar insanlar ələ baxımlılıqla, qobşu payı ilə, dövlət yardımı ilə dolanacaq, kəndlərimiz, rayonlarımız isə boş qalacaq?
Çünki bu evlərin tikintisi para çanağıdır, bizi isə düşündürən nə tariximizdir, nə gələcəyimizdir, yalnız puldur, haram variantdır! Məqsədsə yığıb aradan çıxmaq. Odur ki, lənət olsun bu acgözlüyə, haram var-dövlətə, pul yığan və doymayanlara. Xarabalığı sevib, yaşamsız evləri tikənlərə, dənizimizi, meşələrimizi hasarlayanlara. Bu millət bu xalq yazıqdır axı, Bakıya baxanda ürəyin ağrıyır, heç kəs, erməni köpəkoğlu da onu işğal etsəydi bu kökə salmazdı. Yalnız bina, iş yerləri, istehsal sahələri açmaq lazımdır. Xalqın taleyini turbaya bağlamaq olmaz axı...

Əkbər Hüseynzadə


Allah sizə lənət eləsin

Oxşar xəbərlər