Beş yüzədək tələbə-könüllü “Bakı Marafonu-2018”ə dəstək verib

Beş yüzədək tələbə-könüllü “Bakı Marafonu-2018”ə dəstək verib Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2018”ə dəstək göstərib.
Mart-aprel aylarında “Bakı Marafonu–2018”in icraçıları və tərəfdaşları ilə 10 ali təhsil müəssisəsində təqdimatlar keçirilib, üç minədək müəllim və tələbəyə marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 37 ali və orta ixtisas təhsil müəssisəsindən marafona qatılmaq istəyən tələbələr üçün “Bir” könüllü-əlaqələndiriciləri vasitəsilə birbaşa çıxış imkanı yaradılıb.
Beləliklə, “Bakı Marafonu-2018”də “Bir” Tələbə-Könüllü proqramının 500-dək tələbə-könüllüsü iştirak edib.
Dövlət Bayrağı Meydanından başlanan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıblar.
Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16 mindən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edən könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.
Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər