Təhsil Nazirliyinin qrant müsabiqələri şagirdlərə yeni imkanlar yaradır

Təhsil Nazirliyinin qrant müsabiqələri şagirdlərə yeni imkanlar yaradır Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində ümumtəhsil məktəblər kateqoriyasında qalib seçilmiş Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının “Azərbaycan tətbiqi sənət emalatxanası” layihəsi uğurla icra olunur.
Layihə çərçivəsində ilk ustad dərsləri ötən həftə gimnaziyanın tədris emalatxanalarında keçirilib. Layihənin ilk qonaqları Xalq rəssamı, xalçaçı-rəssam Eldar Mikayılzadə və Əməkdar rəssam, heykəltəraş Namiq Dadaşov olublar. Eldar Mikayılzadə həm də layihə müddətində ekspert qismində öz bilik və təcrübəsini şagirdlərlə bölüşəcək.
Beş ay davam edəcək layihənin əsas məqsədi xalçaçılıq, zərgərlik, dulusçuluq, keramika, bədii tikmə kimi sənət növlərinin qorunub saxlanılması, təbliği və gənc nəslə ötürülməsidır. Layihə çərçivəsində ustad dərsləri ilə yanaşı, emalatxanaların davamlı işinin təşkili və hazırlanan əl işlərinin sərgisi nəzərdə tutulur. Bu müddət ərzində gimnaziya rəhbərliyi layihədə iştirak edən şagirdlərlə Şəki şəhərində sərgi keçirməyi planlaşdırır.
Layihənin rəhbəri, Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədovanın fikrincə, Təhsil Nazirliyinin qrant müsabiqələri onlara və şagirdlərə yeni imkanlar yaradır. Bu imkanlardan maksimum faydalanaraq yeni-yeni istedadlı şagirdləri üzə çıxarmaq olur. Bu istiqamətdə olan layihələrə şagirdlərin, eləcə də onların valideynlərinin ehtiyacı var.
Xatırladaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib olub.

Tehsil-press.az

Oxşar xəbərlər