Gənc elmi işçi “Akademik Murtuza Nağıyev” adına mükafata layiq görülüb

Gənc elmi işçi “Akademik Murtuza Nağıyev” adına mükafata layiq görülüb AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Akademik Murtuza Nağıyev” adına mükafatın təqdimetmə mərasimi keçirilib.
İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq mükafatın 2013-cü ildən etibarən hər il kimya elmində nailiyyəti olan və fərqlənən gənclərə verildiyini bildirib. Qeyd edib ki, mükafatın təşkili ilə bağlı institutda komissiya yaradılıb, iddiaçı gənclərin məruzələri qiymətləndirmədən keçirilib. Akademik qiymətləndirmə zamanı gənclərin son iki ildə xaricdə və ölkə ərazisində çap olunmuş elmi məqalələrinin, o cümlədən tezislərinin əsas götürüldüyünü diqqətə çatdırıb.
Daha sonra mükafat uğrunda mübarizə aparan 5 gənc alim və mütəxəssisin məruzələri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra müsabiqənin qalibinin adı açıqlanıb. İnstitutun elmi işçisi İlahə Mehdiyeva elmi fəaliyyətində fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafata layiq görülüb.
Akademik D.Tağıyev qalibə diplomunu təqdim edib. Digər 4 gənc isə həvəsləndirici mükafatla təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər