Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu öz işinə başladı

Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu öz işinə başladı Azərbaycan Respublikasının Gənclər Fondunun (GF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” ADPU-un Quba filialında öz işinə başlayıb. Qeyd edək ki, forum ADPU-un gənc əməkdaşı Sahil Qələndərovun XI qrant müsabiqəsindən qazandığı layihədir.
Bu platforma özünü inkişaf etdirmək, müxtəlif regionlarda təhsil alan tələbələrlə dostluq əlaqəsi qurmaq istəyən hər bir ADPU tələbəsi üçün əla fürsətdir.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb və ardınca layihə rəhbəri Sahil Qələndərov çıxış edərək forumun əhəmiyyəti, bunun region və paytaxt gəncləri arasında bir körpü, o cümlədən, bütün tələbə-gənclər üçün stimul xarakteri daşıdığını və özünü doğruldacağı halda gələcək illərdə layihə halından artıq mütəşəkkil proqram halını ala biləcəyini vurğuladı.
ADPU Quba filialının direktor müavini Aysel Şeydayeva çıxış edib qonaqları, forum iştirakçılarını salamlayıb, forumun filial tələbələrinin regional inkişafında əhəmiyyətli hadisəyə çevriləcəyinə əminliyini ifadə elədi.
Daha sonra panellər üzrə müzakirələrə start verildi. Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” bölmələri üzrə ADPU Tarix və Coğrafiya Fakültəsinin III kurs tələbəsi, sosial aktiv gənc Taleh Mirzəyevin moderatorluğu ilə panel iclaslar keçirilib, müzakirələr aparılıb.
“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” adlı birinci paneldə çıxışçılar - ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi, layihə rəhbəri Sahil Qələndərov və ADPU-un Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının əməkdaşı, dosent Fəxrəddin Yusifov mövzu üzrə çıxışlar edib, tələbələrin sualları, fikirləri ətrafında müzakirələr davam etdirilib.
“Sosial aktivliyin gənclərin formalaşmasında rolu” adlı paneldə çıxışçı qismində layihə rəhbəri Sahil Qələndərov, Qubada uzun illərdir fəaliyyət göstərən “YURD Gənclərin intellektual İnkişafına dəstək İB”in sədri Ramin Mahmudov və ADPU-un İbtidai təhsil fakültəsinin III kurs tələbəsi, “ADPU Türk Öğrenci Yönetim Konseyi” rəhbəri Hakan Köse iştirak edib. Ramin Mahmudov “sosial aktivlik nədir ?” və “sosial aktiv gənc kimdir?” sualları ətrafında fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb. ADPU-un gənc əməkdaşı, könüllülük sektorunun yetirməsi Sahil Qələndərov sırf ADPU nümunəsində sosial aktivliyin, könüllülük fəaliyyətinin uğur həllərindən söz açdı. Sonra Hakan Köse çıxış edib, öz təcrübəsini bölüşüb, bir Türkiyə vətəndaşı və əcnəbi tələbə olaraq Azərbaycanda və sırf ADPU-da qazandığı uğurlar, sosial aktivlikləri sayəsində əldə etdiyi imkanlar, iki qardaş ölkə mədəniyyətləri arasında yaxınlaşma sahəsində atdıqları addımlar və alınan müsbət nəticələrdən danışıb.
Qeyd edək ki, Forumun birinci hissəsi ADPU-un Quba (18 dekabr 2018-ci il), Cəlilabad (20 dekabr 2018ci il) və Ağcabədi (fevral 2019-cu il) filiallarında, yekunu isə Bakı şəhərində həyata keçiriləcək (fevral 2019-cu il). Forumun yekununda bəyənnamə qəbul ediləcək.
Layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək "fikir körpüsü" qurmaq, həmçinin, müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələri üçün düzgün istiqamət göstərməkdir. #AzGF #GənclərFondu #ADPU #ADPUTGT #GələcəyinQurucuları

ADPU-nun Mətbuat Xidməti


Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu öz işinə başladıTələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu öz işinə başladıTələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu öz işinə başladıTələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu öz işinə başladı

Oxşar xəbərlər