“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” Amerikada təhsil proqramları
Amerikalılar hesab edirlər ki, onların ölkələri elmin və sənayenin bugünkü inkişaf səviyyəsinə görə məhz təhsilə borcludur.
Amerikanın ali məktəblərində hər il 550 min əcnəbi tələbə təhsil alır. Ali məktəblər bu tələbələrdən il ərzində 10 milyard 500 milyon dollar qazanc əldə edirlər. Əcnəbi tələbələr bu ölkədə əsasən biznes, idarəetmə, hüquq və texniki elmlər üzrə mütəxəssis kimi yetişməyə üstünlük verirlər. Ölkədə tələbələrin təcrübə keçmələri üçün mükəmməl mühit yaradılıb. Ümumiyyətlə, Amerika Universitetləri tələbələri maraqlandırma və onların yüksək təhsil almaları üçün bütün imkanlarla təchiz olunublar. Məsələn, marketinq sahəsi üzrə təhsili götürək. Auditoriyalar hər cür texniki vasitələrə malikdir. Bununla yanaşı, bu ixtisas üzrə təhsil alanların sərəncamında əlavə imkanlar da olur. Məsələn, “Dil mərkəzi.” Bu mərkəzlərdə tələbələrə mühazirə, təqdimat hazırlamaq, auditoriya qarşısında çıxış etmək vərdişləri aşılanır. “Karyera İnkişaf Mərkəzi.” Bu mərkəzdə tələbələrə iş tapmaqda kömək olunur. Onlara şərait yaradılır ki, aparıcı şirkətlərin nümayəndələri ilə müsahibədə iştirak etsinlər.
Ümumiyyətlə, Amerikada marketinq təhsilinin keyfiyyətli olduğunu onun təcrübədə özünü doğrultması ilə də təsdiq etmək olar. Amerika Universitetlərini marketinq üzrə bitirmiş məzunlar dünyanın aparıcı şirkətlərində yüksək vəzifələri icra edirlər. Onlar çalışdıqları şirkətin dayağı hesab edilirlər.
Amerikanın təhsil proqramları
Oxucularım üçün Amerikada təhsil proqramlarının maraqlı olacağını nəzərə alıb araşdırmalarıma bu istiqaməti də əlavə etməyi qərara almışam. Görək Amerikada hansı təhsil proqramları var və bu proqramların əhəmiyyəti nədir?
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan proqram.
Bu proqram Gələcək Liderlərin mübadiləsi (FLEX) adlanır. Proqram əsas etibarilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin məktəblərini əhatə edir. ABŞ-ın dövlət orqanları tərəfindən maliyyələşdirilən bu proqram imkan verir ki, şagirdlər bir il ərzində Amerika məktəblərində təhsil alsınlar. Şagirdlər təhsil müddətində Amerika ailələrində yaşayırlar.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi proqramı
ABŞ-da fəaliyyət göstərən digər təhsil proqramı müəllimlərin peşəkərlıq səviyyəsinin yüksəldilməsi proqramıdır. Layihə Avrasiya və cənubi Asiya regionunda (TEA) müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, Amerika Birləşmiş Ştatları ilə onların tanış edilməsi məqsədi daşıyır. 6 həftəlik bu təlim proqramına akademik təlimlər, təlim metodlarının öyrədilməsi üzrə treninqlər, tədris planlarının hazırlanması, təlim strategiyası, təhsildə liderlik, internet texnologiyalarının öyrədilməsi və onların təlimə tətbiqi yoları aşılanır. Proqram çərçivəsində müəllimlər həmçinin Amerka məktəblərində 3 həftəlik təcrübədə olur, amerikalı həmkarları ilə əməkdaşlıq yaradır, öz təcrübələrini nümayiş etdirir, eləcə də, həmkarlarının təcrübəsini öyrənirlər.
Ali məktəb tələbələri üçün proqram (Global UGRAD)
Bu proqram ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrə imkan verir ki, onlar Amerikanın universitet və ya kolleclərində bir akademik semestr ərzində təhsil alsınlar.
Magistr təhsili üçün proqram
Amerikada magistr təhsili almaq üçün tələbələrə təklif olunan proqram Fulbrayt (Fulbright Graduate Student Exchange Program) qrant proqramı adlanır. Bu proqram bir ildən iki ilə qədər təhsil almaq imkanı verir. Tələbələr proqrama qoşulmaq üçün müsabiqədə iştirak etməlidirlər. Müsabiqədə ali məktəblərin yuxarı kurs tələbələri, eləcə də məzunlar iştirak edə bilərlər. Magistr təhsili proqramı humanitar, sosial, texniki və dəqiq elmləri əhatə edir. Mühasibatlıq, audit, menecment, marketinq, biznes, biznesin idarə olunması, klinik tibb ixtisasları magistr proqramında nəzərdə tutulmur.
Gənc müəllimlər və tədqiqatçılar üçün
Fulbright Faculty Development Program (FFDP) adı ilə dünyada tanınan və həyata keçirilən bu proqram Amerika Universitetlərində 6 aydan 9 ayadək tədqiqat aparmaq, təcrübələrdə iştirak etməyi nəzərdə tutur. Bu Proqramda iştirak etmək üçün müsabiqədə 40 yaşadək olan mütəxəssislər sənəd təqdim edə bilərlər. Digər bir tələb isə 2 il peşəkar iş təcrübəsidir. Müəllimlər, aspirantlar, tədqiqatçılar, elmlər namizədləri (müdafiədən 5 il sonra), ali məktəb, elmi-tədqiqat müəssisələrinin əməkdaşları, jurnalistlər, kitabxanaçılar, mədəniyyət sahəsinin, qeyri-hökümət təşkilatlarının əməkdaşları bu proqramın imkanlarından bərələnə bilər. Qeyd olunan proqrama qoşulanlar humanitar, sosial, təqiq və texniki elmlər sahəsində biliklərini artıra bilərlər.
Yay İnstitutu Proqramı (SUSI)
6 akademik həftədən ibarət olan bu proqram ali məktəb müəllimləri üçün nəzərdə tutulur. Proqram çərçivəsində Amerika siyasətşünaslığı, xarici siyasəti, ədəbiyyatı, jurnalistikası, tarixi haqqında məlumat verilir.
Fəlsəfə və elmlər doktorları, dissertantlar üçün Proqram
Fulbright Scholar Program

Bu Proqram imkan verir ki, elmi dərəcəsi olan mütəxəssislər, eləcə də, dissertantlar Amerikanın universitetlərində, elmi-tədqiqat institutlarında 3 aydan 9 ayadək təcrübə keçsinlər. Proqrama elmlər üzrə fəlsəfə doktorları, elmlər doktorları, mədəniyyət sahəsi üzrə elmi işçilər, kitabxanaçı mütəxəssislər, tədqiqatçılar qoşula bilərlər. Proqrama qoşulmaq üçün 5 il iş stajının da olması vacibdir. Bu proqram da humanitar, texniki və dəqiq elmləri nəzərdə tutur.
Peşəkar karyerasını inkişaf etdirmək istəyənlər üçün
Hubert H. Humphrey Proqramı

Hubert H. Humphrey öz peşəkar fəaliyyətinin orta mərhələsində olan dünyanın müəyyən qrup mütəxəssisi üçün Amerikada 10 aylıq təcrübədə akademik proqramlarda iştirakı nəzərdə tutur. Proqram çərçivəsində universitetlərdə təşkil olunan konfranslarda, peşəkar dairələrlə keçirilən görüşlərdə, təcrübə mübadilələrində karyeranın inkişaf etdirilməsi mövzusunda kifayət qədər informasiya ötürülür. Bəs, müəyyən qrup dedikdə nə nəzərdə tutulur. Proqram əsasən o adamlar üçün nəzərdə tutulur ki, aktiv siyasətlə məşğul olur, strategiya planlaşdırır, menecerlik fəaliyyəti göstərir.
2+2 Proqramı
Bu Proqram 11 illik orta məktəb təhsilini bitirən məzunların 2 illik Community Collegelərdə təhsil aldıqdan sonra 2 il də əlavə olaraq müxtəlif universitetlərə transfer olaraq 4 illik bakalavr dərəcəsini tamamlamağa şərait yaradır. Proqramın üstünlükləri çoxdur. Onlardan biri də ondan ibarətdir ki, kollecdə təhsil aldığı müddət ərzində tələbələr gələcək ali təhsilləri haqqında qərar verir, təməl bilikləri qazanır, akademik biliklər almağa hazırlanırlar.
http://www.ec.kharkiv.edu/op
http://www.celt.az
https:///gradstudyabroad.ru
Ardı var.
Böyükağa MİKAYILLI

Oxşar xəbərlər