Müsavatın niyyəti, Kərimlinin planı: “Siyasətdə hər gün ölənlər” silsiləsindən

Müsavatın niyyəti, Kərimlinin planı: “Siyasətdə hər gün ölənlər” silsiləsindən Çorçilin məşhur bir sözü var: “Müharibədə bir dəfə, siyasətdə hər gün ölürlər”.
Azərbaycan müxalifətində demək olar ki, hər gün “dəfn mərasimidir”. Təkcə ona görə yox ki, müxalifət müxalifət adına adekvat olmağı bacarmır, həm də “siyasi opponent” olmağa iddia edənlər davranışları ilə hər gün “başlarına bir güllə sıxırlar”.
Müsavatın aprelin 7-nə mitinq təyin etməsi, bu qərardan iki gün sonra AXCP sədri Əli Kərimlinin “Azərbaycan saatı”na müsahibəsində dedikləri və müxalifət caməsində baş verənlər diqqətdən kənarda qalmadı.
Müsavat Partiyası martın 19-da qərar verdi ki, aprelin 7-də mitinq keçirəcəklər. Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan rəsmi müraciətdə mitinqlə bağlı 3 marşrut göstərilib: metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək S.S.Axundov küçəsi ilə yürüş və burada mitinq; metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və burada mitinq; metronun “Gənclik” stansiyasının çıxışı-T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq;
Müsavatın bu qərarının arxasında mitinq keçirməkdən başqa hər şey var:
Birincisi, belə mitinqə icazə vermək praktiki baxımdan çətindir. Çünki həmin marşrutlar üzrə nəqliyyatı dayandırmaq paytaxtda hərəkəti iflic etmək deməkdir. Bunu marşrutu seçənlər də yaxşı bilirlər və onların məqsədi ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətindən “yox” cavabı almaqdır. Belə cavab Müsavata “hakimiyyət bizə imkan vermir” tezisini irəli sürmək və müxalifətdə “əsas güc” olduqlarını iddia etmək üçün lazımdır. Yəni burada məqsəd heç də mitinq keçirmək yox, bağça uşaqları kimi “vur-vurum” oyunu oynamaqdır.
İkincisi, Müsavatın ayrıca mitinq keçirmək qərarıdır. Yanvarın 19-da “Məhsul”da tribunaya çıxanlar arasında Arif Hacılı da var idi. İndi Müsavat rəhbərliyi özlərinin seçdiyi tribunaya çıxmaq qərarına gəliblər. Çünki yanvarın 19-da Əli Kərimli özünü mitinqin əsas təşkilatçısı və lideri kimi təqdim etməklə “əsas müxalifət” oyunu oynadı. Bunu anlayan Müsavat “cavab atəşi”nə hazırlaşır və mitinq qərarının əsas hədəfi məhz Milli Şuradır. Mitinqin yürüşlər birgə keçirilməsi də Milli Şuradan bir az da olsa fərqlənmək niyyətindən irəli gəlir.
Üçüncüsü, mitinq qərarının məhz 19 martda verilməsidir. Bu tarixdə Avropada “isti yerdə” oturanlar “virtual mitinq” keçirməyə cəhd göstərdilər, lakin hər şey elə “virtual” olaraq da qaldı. Müsavat niyə həmin tarixdə mitinq qərarı verdi? Bu sualın cavabını son dövrlər Azərbaycanda baş verən proseslərdə axtarmaq lazımdır:
Ölkədə cəmiyyətin ciddi dəstəyi ilə nəticələnən köklü siyasi və sosial islahatlar həyata keçirilir. Bu proses özü ilə yeni mərhələni də gətirir və baş verənlər təbii şəkildə bir çox yenilənmələrə gətirib çıxaracaq. Yenilənmə illərdir oturduğu kresloda “dərin izlər” buraxmış müxalifət liderlərini də “vuracaq”. Çünki hazırki müxalifət nə hakimiyyətə, nə də cəmiyyətin düşüncə səviyyəsinə adekvat deyil. Yəni cəmiyyət nə Əli Kərimlini, nə İsa Qəmbər-Arif Hacılı cütlüyünü, nə də digərlərini zəbt etdikləri kresloda görmək istəmir. O cümlədən, Avropada oturub klaviatura arxasında “qəhrəman” olmaq eşqinə düşənlər də “virtual” aləmdən çıxa bilməyəcəklər. Cəmiyyətdə daha konstruktiv, siyasi ambisiyalardan uzaq, yalan vədlərə sığınmayan qüvvələrin ortaya çıxması zərurəti yaranıb. Maraqlıdır, bu proses müxalifətdəki kresloları illərdir zəbt edənlər tərəfindən necə qarşılanır? Müsavatın mitinq qərarı verməsi, o cümlədən, Əli Kərimlinin “Azərbaycan saatı”nda dedikləri onların “virtual qəhrəman”ları öz kreslolarına təhlükə kimi gördüyünü təsdiqlədi. Adamların proseslərdən çıxardığı məntiqin bundan artıq olacağını gözləmək özünü aldatmaq olardı.
Müsavat Partiyası “virtual mitinq”ə cəhd edildiyi tarixdə - 19 martda mitinq qərarı verməklə “yıxılmadım, ayaqdayım” mesajını verir.
Əli Kərimli isə dərhal “Azərbaycan saatı”na çıxaraq, “gördünüz, mitinqi yalnız biz keçirə bilərik” tipli açıqlamaları ilə “burda mənəm, Bağdada kor xəlifə” mesajını verdi.
- “19 mart mitinqinə cəhd” sübut etdi ki, Azərbaycan xalqı bizim, yəni Milli Şuranın təklif etdiyi razılaşdırılmış mitinqlərə inanır, bunu istəyir.
Burada Əli Kərimli “virtual qəhrəman”lara “siz kim, mitinq keçirmək kim” deyir və iddia edir ki, “yalnız biz mitinq keçirə bilərik”. Görünür, o “mitinq monopoliyasının” əlindən çıxacağından qorxur və buna qarşı dərhal hərəkətə keçir. Hərçənd, “Azərbaycan xalqı” ifadəsi ilə özünü yenə pis vəziyyətə saldı. Çünki icazəli mitinqinə ən çox 3 minə yaxın iştirakçının gəldiyi halda, “Azərbaycan xalqı bizə inanır” demək öz-özünü öldürmək, sonra da üsulunca dəfn etməkdən başqa bir şey deyil.
- Bizə müraciətlər artır, mütləq əksəriyyət kütləvi və razılaşdırılmış mitinqlərlə hərəkət etməyin lazım olduğunu deyirlər.
Əli Kərimli burada özünü “müxalifətin əsas lideri” kimi göstərir və buna ətrafındakılarla birlikdə özünü də inandırır. Eləcə də mitinq təyin edən Müsavata və digərlərinə “yerlərini göstərir”. Ən sonda isə şantaja əl atır. İddia edir ki, “Milli Şuranın dinc aksiyalarına icazə verilməsə, başqa təşkilatlar da belə təşəbbüslərlə çıxış edə bilər”.
Doğrudanmı Əli Kərimli nə dediyini özü anlamır?!
Burada ilk növbədə hakimiyyətə qarşı irəli sürülən şantaj var, yəni “bizə icazə verilməsə, başqaları da belə təşəbbüslərə əl atacaq”. Bu həm də başqalarının sərbəst toplaşmaq hüququnun pozulmasına açıq çağırışdır. Kərimli demək istəyir ki, “mitinq üçün bizə icazə verin, başqalarına yox”. Bu çağırışın arxasında məhz “əsas müxalifət” davası və “mitinq monopoliyası” var.
İndi siz deyin, bu şəxslər doğrudanmı siyasətlə məşğuldur, yoxsa Çörçilin dediyi kimi, “siyasətdə hər gün ölməkdən” başqa əllərindən heç nə gəlmir?!

Tehsil-press.az

Oxşar xəbərlər