Qrantı artıq düşən Milli Şura

Qrantı artıq düşən Milli Şura Sentyabrın 11-də özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda növbəti mitinqi keçirildi, yəni bildiyimiz ənənəvi mitinq şousu. Mitinqin nəticəsi də əvvəlcədən məlum idi – nəticəsizlik.

Heç bir sosial dayağı, xalqın etimadı olmayan, 2-3 min nəfəri birləşdirən partiyaların, müxalifyönlü QHT-lərin belə mitinqlər keçirməkdə əsl niyyətləri əslində hamıya bəllidir – qrantlar almaq və bu qrantları “boşuna xərcləmədiklərini” nümayiş etdirmək. Bu dəfə də belə oldu. Hətta razılaşdırılmış, keçirilməsi üçün icazə alınmış mitinqə belə onlar istədikləri qədər iştirakçı yığa bilmədilər.
Maraqlıdır ki, mitinq iştirakçılarından bəzilərinin əlində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Taleh Bağırovun da şəkli vardı. Deməli, təşkilatçılar Taleh Bağırovun terrorçu tərəfdarlarını, radikal islamçıları da aksiyaya cəlb etmişdilər – təki meydan dolsun.
Və Milli Şura ənənəsinə sadiq qalaraq yenə də insanlardan öz məqsədləri üçün sui-istifadə etdi. Bu insanlar şura rəhbərlərinin yüz minlərlə dollar vəsaiti mənimsəməsinə kömək etdi. Mitinq təşkilatçıları “ağıllı tərpənib”, mitinqin iştirakçı sayının az olmasının “səbəb”ini guya prosesin başlanğıc mərhələdə olması (?) ilə əlaqələndirdilər.
Bu toplaşmanı “hesabat mitinqi” də adlandırmaq olar. Milli Şura rəhbərləri xaricdən on minlərlə qrant ayıranların qarşısında hesabat verirdi - yəni “boş dayanmırıq, işləyirik, qrantları havaya sovurmuruq”. Qrantpaylayan təşkilatların məntiqi qarşısında isə söz tapmaq olmur. Pulları artıq düşən bu təşkilatlar nəyə nail olacaqlarını ümid edirlər? Azərbaycan xalqı artıq belə boş bəyanatlara, mitinqlərə əhəmiyyət vermir. Xalq 90-cı illərin əvvəllərində yaşadığını yaşayıb, gördüyünü görüb. Daha xalqı belə mitinq-şoularla aldatmaq olmaz.
Deyilənə görə, Milli Şura, həmçinin Müsavat Partiyası bu yaxınlarda yenə də mitinq keçirməyə hazırlaşırlar. Görünür, bu dəfə qrantın məbləği çox olub. Məşhur el məsəlinə kiçik dəyişiklik etsək, belə də deyə bilərik: Milli Şuranın qrantı artıq düşüb. Bu qrantları “xərcləmək”, hesabat vermək üçün isə “Məhsul”da “məhsuldar mitinq” keçirməkdən başqa yol qalmır.
Ümumilikdə, bu mitinq müxalifətin “xalqın müxalifəti dəstəkləməsi”, “xalqın hakimiyyəti istəməməsi” kimi sərsəm iddialarını növbəti dəfə alt-üst etdi. Bu aksiya cəhdi bir daha göstərdi ki, xalq müxalifəti qəbul etmir və insanlar artıq Milli Şura rəhbərlərinin iddialarına qeyri-ciddi yanaşırlar.


Tehsil-press.az

Oxşar xəbərlər