İspaniyanın “ACTIVA” şirkəti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək niyyətindədir

İspaniyanın “ACTIVA” şirkəti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək niyyətindədir İspaniyanın Kataloniya Muxtar Vilayətinin Barselona şəhərində yerləşən “ACTIVA” şirkətinin prezidenti Jesus Serra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olub.
Səfərin məqsədi birgə innovativ layihələrin icrası imkanlarının müzakirəsi və şirkətə YT Parkın rezidenti statusunun verilməsi məsələsinin araşdırılması olub.
YT Parkın direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nazim Şükürov qonağa texnoparkın fəaliyyəti, bu müəssisənin rezidentləri və onlara şamil olunan güzəştlər barədə ətraflı məlumat verib.
J.Serra isə təmsil etdiyi müəssisə barədə məlumat verərək, “ACTIVA”nın ekoloji memarlıq sahəsində innovativ boya məhsullarının istehsalı üzrə ixtisaslaşmış şirkət olduğunu bildirib. Qeyd edib ki, bu boyalar bioloji maddələrlə zəngindir və boya üzərinə işıq şüaları düşdükdə onun daxilindəki maddələr ətrafdakı mikrobları neytrallaşdırır.
Görüşdə YT Parkın strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, xüsusi şöbənin rəisi, polkovnik Adil Məmmədov da iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər