Klayv Marşal ADA Universitetində tələbələrə mühazirə oxuyub

Klayv Marşal ADA Universitetində tələbələrə mühazirə oxuyub Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal oktyabrın 3-də ADA Universitetində olub.
Tələbələr qarşısında mühazirə ilə çıxış edən Klayv Marşal sosial medianın sürətlə inkişaf etdiyi dövrdə KİV-in, xüsusən informasiya agentliklərinin önəmindən, xəbərin dəqiqliyi və sürətli ötürülməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu istiqamətdə mövcud imkanlardan danışıb.
Baş icraçı direktor hazırda Böyük Britaniya və dünya mətbuatının gündəmində olan Brexitlə əlaqədar baş verən siyasi proseslərdən də bəhs edib.
Ölkəmizə əvvəlki səfərlərini xatırladan Klayv Marşal AZƏRTAC-ın təşkilatçılığı ilə 2016-cı ildə Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresində iştirakını diqqətə çatdırıb, Xınalıqda gördüyü möhtəşəm təbiət mənzərələri barədə təəssüratlarını dilə gətirib.
K.Marşal Azərbaycan mətbuatının zəngin tarixindən söhbət açaraq, burada ilk xəbərin 150 il əvvəl çap olunduğunu əlamətdar hadisə kimi qeyd edib.
Press Association agentliyinin baş icraçı direktoru budəfəki səfəri zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdüyünü, söhbət zamanı ölkə mətbuatının inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldığını bildirib.
Mühazirədən sonra K.Marşal tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər