FİZİKA İNSTİTUTUNDA RİYAZİYYATÇI ALİMİN SEMİNARI KEÇİRİLİB

FİZİKA İNSTİTUTUNDA RİYAZİYYATÇI ALİMİN SEMİNARI KEÇİRİLİB Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan institutların birləşmiş seminarı keçirilib. Məruzəçi Surxay Əkbərov “Kompleks sistemlərin mexanikasına aid fundamental və yenilikçi problemlərə dair tədqiqatların nəticələri və bu nəticələrin müxtəlif tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Seminarı FRTEB-in akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açıb. N.Məmmədov məruzəçi haqqında məlumat verib. Bildirib ki, S.Əkbərov uzun müddətdir ki, Türkiyənin İstanbul şəhərində Yıldız Texniki Universitetində işləyir. O, alimin AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, S.Əkbərov fəlsəfə və elmlər doktorluğu üzrə dissertasiya işlərini Ukrayna Elmlər Akademiyasının S.P.Timoşenko adına Mexanika İnstitutunda müdafiə edib. O, 2001-ci ildə AMEA-nın müxbir üzvi seçilib.
Seminar S.Əkbərovun məruzəsi ilə davam edib. O, ilk olaraq mövzunun aktuallığı haqqında məlumat verib. S.Əkbərov əsas tədqiqat sahəsinin kompozitlər olduğunu və bu sahədə əldə etdiyi nəticələrin müəllifi olduğu monoqrafiyalarda işıq üzü gördüyünü vurğulayıb. Bildirib ki, seminarda son 15 ildə dinamik problemlərə aid tədqiqatlarda əldə olunan nəticələr haqqında məlumat veriləcək.
Məruzənin sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Mətbuat Xidməti


Oxşar xəbərlər