Bakı Dövlət Universiteti İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığı genişləndirir

Bakı Dövlət Universiteti İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığı genişləndirir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin 100 illik yubiley tədbirində iştirak etmiş İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti, professor Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yubiley tədbirində iştiraklarına görə nümayəndə heyətinə təşəkkür edən E.Babayev “Elm və təhsilin inteqrasiyası (ISE-2019)” mövzusunda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb. O, konfransa təqdim edilən məruzələrin universitetlərarası əlaqələrin qurulmasında və daha da inkişafında mühüm rol oynayacağına əminliyini bildirib.
Professor Eduard Yakubovun təqdim etdiyi məruzəyə toxunan rektor onun tədrisin müvafiq istiqamətlərdə qurulması barədə dedikləri fikirləri yüksək qiymətləndirib.
Yubileylə bağlı keçirilmiş tədbirlərin xoş təəssürat yaratdığını deyən professor Eduard Yakubov elm və təhsil inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransdan müsbət nəticələr gözlədiyini vurğulayıb.
Görüşdə Bakı Dövlət Universiteti, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC və Holon Texnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq haqqında protokolun müddəaları müzakirə edilib, ikitərəfli və çoxtərəfli qrant layihələrində iştirak, mübadilə proqramları, birgə tədris və akademik proqramların hazırlanması istiqamətində görülən işlərdən danışılıb.
Sonra qonaqlar universitetin mərkəz və laboratoriyalarında aparılan tədqiqatlarla tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər