Pedaqoji Universitetin Quba filialında qabaqcıl təhsil işçiləri ilə görüş

Pedaqoji Universitetin Quba filialında qabaqcıl təhsil işçiləri ilə görüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında rayonun qabaqcıl təhsil işçiləri ilə görüş keçirilib.
Tədbirdə filialın direktoru, dosent Yusif Alıyev çıxış edərək görüşün keçirilməsində məqsədin Universitet-Valideyn Assosiasiyası, Universitet-kollec-lisey, Universitet-məktəb-bağça klasterlərinin yaradılması, ilkin müəllim hazırlığında birgə yeniliklərin tətbiqi məsələlərini müzakirə etmək olduğunu bildirib. Bütün bunlar təhsilin keyfiyyətini və təlimin səmərəliliyini artıracaq. Həmçinin tələbə-gənclərin savadlı kadr kimi yetişdirilməsinə kömək edəcək.
Qeyd olunub ki, ali məktəbdə 6 ixtisas üzrə bakalavr təhsili alan 825 tələbəyə 83 nəfər professor-müəllim heyəti təhsil verir. Tələbələrin universitetin ictimai həyatında fəallığını artırmaq üçün filialda “Kitab klub”, “Psixologiya klubu”, Azad Nəbiyev adına “Bilgə ocağı”, “Talant” incəsənət klubu fəaliyyət göstərir. Ötən ilin dekabr ayında kitabxana fondu üçün 92 adda 200 nüsxəyə yaxın dərslik, dərs vəsaitləri və xarici ədəbiyyatlar alınıb. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində birgə fəaliyyətə dair memorandum imzalanıb. Filialda genişzolaqlı fiber optik internet xəttinə qoşulmuş 20 ədəd kompüterdən ibarət İnformasiya Kommunikasiya Texnologiyaları auditoriyası yaradılıb.
Tədbirdə filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, Quba Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayonun qabaqcıl məktəblərinin direktorları Eynulla Camalov, Yavər Musayeva çıxış edərək müəllim hazırlığında birgə əməkdaşlığın daha məqsədəuyğun nəticələr verəcəyini vurğulayıblar.
Filialın dekan müavini Nübar Bayramova, metodistləri Eyvaz Şeydayev, Elbrus Əhmədov, Yusif Abayev, Qabil Kərimov, orta məktəb psixoloq və müəllimləri mövzu üzrə fikirlərini bildiriblər.
Sonda tələbələrin pedaqoji təcrübə müddətində qazandıqları nailiyyətləri əks etdirən slaydlar nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər