İlahiyyat İnstitutunun tələbələri üçün ingilis dili kursu təşkil olunub

İlahiyyat İnstitutunun tələbələri üçün ingilis dili kursu təşkil olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil olunan ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb.
Görüşdə Ceyhun Məmmədov Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. O, tələbələrə tövsiyələrini verib, sahib olacaqları ixtisası daha dərindən bilmək, onun sirlərinə yiyələnmək üçün xarici dil biliklərinin zəruri olduğunu qeyd edib. Karyera imkanlarının genişləndirilməsində bilik və bacarıqların hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ali təhsil müəssisəsində tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verilir, təhsilalanların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün müxtəlif layihələr həyata keçirilir. İnstitutda BMqT tərəfindən ingilis dili kurslarının təşkil edilməsi tələbələrin dil biliklərinin gücləndirilməsinə töhfə verəcək.
Xatırladaq ki, layihənin əsas tərəfdaş qurumlarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Adıçəkilən layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq əlaqələri qurulur. BMqT ali təhsil müəssisəsində tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə ingilis dili üzrə əlavə kursların təşkilini də planlaşdırır.

Tehsil-press.az

Oxşar xəbərlər