Rəqabətlilik naminə

Rəqabətlilik naminə Sevinc Məmmədova: “Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq Azərbaycan ali təhsilinin inkişafına müsbət töhfələrini verəcək”
Məlumdur ki, son illərdə inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olublar. Bu qlobal tendensiya ölkəmizin ali təhsil sistemi qarşısında da mühüm vəzifələr qoyub. Ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi bu sahədə bir sıra layihələrin həyata keçirilməsini zərurətə çevirib. Ali təhsildə keyfiyyət dəyişikliklərinin əsasını qoyan bu layihələrin icrası cəmiyyət həyatının müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırıb. Bu məqsədlə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması istiqamətində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanıb. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu sahədə atılan ən mühüm addımlardan biri kimi, cari ildə Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti arasında beynəlxalq ikili diplom proqramının tətbiqi sahəsində memorandumun imzalanmasını göstərmək olar. Bu proqram Azərbaycan gənclərinə nələri verəcək? Ali təhsil sistemimizə nə kimi töhfələr verəcək? Bu və ya digər suallarımızı sazişin hazırlanıb ərsəyə gəlməsində əməyi olan Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova cavablandırır.
- Birillik müzakirələrdən sonra ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramına artıq start verildi. Proqram üzərində işləyərkən hansı məqamlara diqqət yetirildi? Çətinliklər oldumu və nə ilə bağlı idi? Layihənin hər iki tərəfin kifayət qədər iradəsi hesabına başa gəldiyini söyləyə bilərikmi?
- Qeyd edilməlidir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının reallaşması hər iki tərəfin kollektiv səyləri sayəsində mümkün oldu. Təhsildə siyasət və liderlik proqramının hazırlanmasında hər iki tərəfdən kifayət qədər yüksək bacarıqlı kadrlar cəlb olunmasa idi, il ərzində bu qədər önəmli və böyük bir layihənin imzalanmasına heç cürə nail ola bilməzdik.
Təbii ki, bu məsələnin həlli hər iki tərəfdən əzmkarlıq və iradə tələb etdi. Layihə hazırlanarkən əsas diqqət yetirdiyimiz məqam isə tədris planlarının hazırlanmasında Azərbaycan təhsil sisteminin reallığı və potensialının nəzərə alınması idi. Bu, bizim üçün ən başlıca və önəmli məqsəd idi. Əsas məqsədimiz gələcək tələbələrə 3 elementə diqqət yönəltmək idi. Birincisi, müasir bilik, ikincisi, dünya tələblərinə cavab verən bacarıqlar və üçüncüsü, iş bazarında rəqabətliliyə davam gətirə biləcək peşəkar qabiliyyətlərin, keyfiyyətlərin inkişaf etdirilməsidir. Çətinliklər hər bir layihədə olduğu kimi, bizim layihədə də oldu. Lakin nəticə olaraq hər iki tərəfin ən yüksək peşəkarlığı sayəsində baryerlər aradan qalxdı. Layihənin artıq icrasına başlanılıb. Proqramın nə qədər uğurlu olacağı artıq tək bizim əlimizdə deyil, həm də cəmiyyətin də ixtiyarındadır.
Nəzəriyyə və praktikanın balansı
- Corc Vaşinqton Universiteti tələbələrimizə nələri öyrədəcək? Proqramın üstünlükləri barədə nə deyə bilərsiniz?
- Corc Vaşinqton Universitetinin ikili diplom proqramı tələbələrin 4 istiqamətdə bilik və bacarıqlarının artırılmasını vəd edir. Bunlar, birincisi, təhsil siyasəti, ikincisi beynəlxalq təhsil, üçüncüsü tədqiqat metodologiyası və dördüncüsü təşkilati idarəetmə və liderlik istiqamətləridir. Ümumiyyətlə, proqramın ən böyük üstünlüyü praktiki bilik və bacarıqların müasir tələblərə uyğun tədris edilməsidir. Proqramda tədrisi həyata keçirən professorların, demək olar ki, hamısının tədqiqatlarla yanaşı, yüksək praktiki təcrübələri var. Onlar müxtəlif sahələrdə təcrübə keçiblər. Yəni, Corc Vaşinqton Universitetində həm professor kimi dərs deyirlər, həm də ölkənin öndə gedən təşkilatlarında müxtəlif vəzifələrdə çalışırlar. Nəzəriyyə və praktikanın balansını yaradan bu proqram tələbələrə effektiv alətlərin hazırlanmasını və tətbiqini öyrədəcək. Buna bizim proqramın ən mühüm üstünlüyü də demək olar. Bizim proqram Amerikada ona görə daha çox tanınır ki, biz həm nəzəriyyə, həm də praktika baxımından kifayət qədər balans yarada bilirik. Beynəlxalq proqram vasitəsilə biz Azərbaycanda tələbələrə bu bacarıqları öyrədə biləcəyik.
“Proqramın iştirakçıları, gənclərimiz gələcəyin təhsil strateqləri olacaqlar”
- Hər hansı proqram və ya layihə üzərində işləyərkən (xüsusən də təhsil sahəsi üzrə) diqqət yetirilən mühüm aspektlərdən biri əldə etmək istədiyimiz nəticələrin əvvəlcədən proqnozlaşdırıla bilən olmasıdır. Necə bilirsiniz, rəhbəri olduğunuz layihənin uğurlu nəticələrini proqnozlaşdırmaq olarmı?
- Məncə, layihənin uğurlu olmasında hər birimizin rolu yüksək olmalıdır. Bu işdə yalnız proqrama cəlb olunmuş təhsil işçiləri, professorlar və yaxud tələbələr deyil, bütün aidiyyəti orqanlar da öz dəstəyini əsirgəməməlidir. Proqram çərçivəsində ən vacib elementlərdən biri təhsilin ikinci ilindən təcrübə proqramının (internship program) həyata keçirilməsidir. Ümid edirik ki, bu təcrübə proqramının icrası zamanı təhsil sahəsində fəaliyyət göstərən özəl və dövlət orqanları tələbələrə öyrəndikləri bilikləri tətbiq etmək üçün geniş fürsətlər yaradacaq. Bu, deyərdim ki, tələbələrə yalnız dəstək deyil, ümumiyyətlə, təhsilimizin inkişafına töhfələr verəcək. Son nəticəni proqnozlaşdırmağa çalışsaq, görərik ki, bu proqramın iştirakçıları, gənclərimiz gələcəyin təhsil strateqləri olacaqlar. Bu insanlar təhsilin gələcək taleyini həll edən şəxslər olacaqlar. Ona görə də onlara lazımi dəstəyin göstərilməsi, ümumilikdə, cəmiyyətimizin inkişafına xidmət göstərəcək.
Bərabərlik, hesabatlılıq, keyfiyyət
- Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi təhsil sahəsində öz vizyonunu nədə görür? Hansı dəyərlərə əsaslanır?

- Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin ən başlıca məqsədi təhsildə bərabərliyin və keyfiyyətin təmin edilməsidir. Biz universitet, xüsusilə də Məktəb olaraq inanırıq ki, hər bir şəxs potensiala malikdir və yalnız təhsil işçiləri insan potensialının imkanlarını maksimallaşdıra, önə çəkə bilər. Bizim Məktəbin əsas məqsədi təhsildə bərabərlik, hesabatlılıq, keyfiyyəti təmin etməklə perspektivliyi artırmaq və nailiyyətlər boşluğunu maksimum dərəcədə azaltmaqdır. Bu, bizim bir şüarımızdır. Biz inanırıq ki, əgər təhsildə bərabərliyi, hesabatlılığı və keyfiyyəti təmin edə biləriksə, onda yüksək effektivlik və səmərəliliyə nail olmaq olar. Bu, sonda nailiyyət boşluğunu maksimum dərəcədə azaldır.
- Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı cənab Maykl Foyer Bakıdakı çıxışlarında təhsildə liderlik məsələsini dilə gətirdi. İkili diplom proqramı tələbələrimizə təhsillə yanaşı, liderlik sahəsində nə kimi töhfələr verə bilər?
- Qeyd edim ki, təhsildə liderlik çox vacib bir nüansdır. Təhsil elə bir sahədir ki, burada qayğı, istək və əzmkarlıq tələb olunur. Bu xüsusiyyətləri özündə cəmləşdirmək xüsusi bir liderlik tələb edir. Bizim proqramın məqsədlərindən biri də tələbələrdə qeyd olunan xüsusiyyətləri birləşdirməklə onların qabiliyyətlərini, bacarıqlarını üzə çıxarmaq və təhsil sahəsində aparıcı liderlərə çevrilməkdir.
“Proqrama hər iki tərəfdən yüksək peşəkarlar cəlb olunub”
- Corc Vaşinqton Universitetinin öz təhsil ənənələri var. Necə bilirsiniz, ADPU ilə həyata keçirdiyiniz proqram Corc Vaşinqton təhsil ənənələrinin Azərbaycan təhsil sisteminə transformasiyasına nə kimi töhfələr verə bilər?
- Bəli, Corc Vaşinqton Universitetinin özünəməxsus təhsil ənənələri var. Bilirsiniz, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə həyata keçirilən proqram bu ənənələrin Azərbaycan təhsil sisteminə transformasiyasına imkanlar yaradacaq. Məncə, bu proqramın ən böyük üstünlüyü ondan ibarətdir ki, proqrama hər iki tərəfdən yüksək peşəkarlar cəlb olunub. Təhsil sahəsinə doğrudan da qayğı göstərən insanlar cəlb olunub.
Bizim universitetin ən böyük dəstəyi, faydası (benefits) ondan ibarət olacaq ki, biz yalnız tələbələrə bilik kapitalı yaratmırıq, onlarda informasiya toplamağı öyrətmək deyil, xüsusi bacarıqları formalaşdırmaq istəyirik ki, onlar artıq effektiv təhsil işçiləri kimi Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlara dəstək ola və bu prosesdə birbaşa iştirak edə bilsinlər. Corc Vaşinqton Universitetinin Azərbaycan təhsil sisteminə yaradacağı ən böyük imkanlar mükəmməl qabiliyyətə malik olan təhsil işçiləri hazırlamaqdır. Bu təhsil işçiləri birbaşa təhsildə nailiyyətlərin əldə olunmasına və islahatların həyata keçirilməsinə kömək edəcək. Məncə, ADPU üçün bundan yaxşı imkan və böyük dəstək ola bilməz.
- Fərqli tədris ənənələri, sistemləri olan ADPU və Corc Vaşinqton Universitetinin proqram çərçivəsində tədris planlarının, mühazirə materiallarının uyğunlaşdırılması necə olacaq?
- Bütün tədris planları və materialları Corc Vaşinqton Universitetinin tədris planına uyğun aparılacaq. Lakin bununla yanaşı Azərbaycan təhsilində tədris üçün nəzərdə tutulan vacib məqamlar da nəzərə alınaraq yerli şəraitə uyğunlaşdırılacaq. Hər bir professor öz tədris planını hazırladıqdan sonra xüsusi yoxlama-baxış prosesindən keçir ki, bu da hər iki universitetin tədris ənənələrini birləşdirərək özündə əks etdirmək üçün şərait yaradır.
“Məqsədimiz təkcə magistr proqramını həyata keçirmək deyil”
- Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı sahəsində əməkdaşlıq ADPU-nun nüfuzuna, beynəlxalq reytinqlərdəki mövqeyinə necə təsir edəcək?

- Əlbəttə, beynəlxalq reytinqlər mövzusuna gəldikdə, qeyd edilməlidir ki, Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində ikili diplom proqramının həyata keçirilməsi ADPU-nun mövqeyinə kifayət qədər təsir edəcək. Çünki Corc Vaşinqton Universiteti, bildiyiniz kimi, təkcə Amerikada deyil, bütün dünyada təhsil istiqaməti üzrə tanınmış universitetlərdən biridir. Bizim fakültənin professorları təkcə Amerikada deyil, bütün dünyada təhsil proqramlarında fəal iştirak edirlər. Dünyada təhsil sahəsində inkişafa, təhsil sahəsi üçün mühüm əhəmiyyət daşıyan proqramlarda böyük töhfələr verirlər. Bütün bunlar Pedaqoji Universitetin nüfuzuna böyük köməklik göstərə biləcəkdir. Corc Vaşinqton Universiteti daim öz üzərində çalışır və müasir standartlara cavab vermək üçün hər il strateji planlar hazırlayır və dünyada öndə olan universitetlərdən biri olmağa əmin olmaq istəyir. Bu, təbii ki, Pedaqoji Universitet üçün də mühüm əhəmiyyət daşıyır.
Qeyd edim ki, bizim məqsədimiz bu universitetdə təkcə magistr proqramını həyata keçirmək deyil. Yerli fakültə və universitetin bacarıqlarının yüksək səviyyəyə çatdırılması üçün böyük proqram hazırlanır. Biz ümid edirik ki, layihəni sona çatdıranda artıq Pedaqoji Universitet, onun professorları, idarəçiləri yüksək səviyyədə bilik, bacarıqlarını nümayiş etdirə və dünyada beynəlxalq reytinqlərdə ön sıralarda yer tuta biləcəklər.
Bu kontekstdə mühüm nəticələrdən biri də odur ki, Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq və beynəlxalq ikili diplom proqramının uğurla həyata keçirilməsi Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin gücləndirilməsinə də müsbət töhfələrini verəcək.
Corc Vaşinqton Universitetinin strategiyası...
- Necə bilirsiniz, müasir dövrdə universitetlərin sürətli transformasiyası ali təhsil qarşısında nə kimi vəzifələr qoyur?

- Məncə, hazırda dünya universitetlərinin ən böyük narahatçılığı müasir əmək bazarına uyğun işçilərin hazırlanmasıdır. Ən azından Amerikada ali təhsil müəssisələri qarşısında duran ən böyük vəzifə müasir iş bacarıqlarına uyğun olan işçilər hazırlamaqdır, yüksək iş və peşəkar qabiliyyətlərin, biliklərin formalaşdırılmasıdır. Bu, çox ağır vəzifədir. Bəzən universitetlər bu vəzifəni həyata keçirməkdə çətinlik çəkirlər. Qeyd etdiyim kimi, bu, bir əzmkarlıq tələb edir. Universitet öz vizyonu olaraq anlayır ki, transformasiya üçün, öndə getmək üçün qarşısına müəyyən strategiyalar qoymalıdır. Corc Vaşinqton Universitetinin strategiyası odur ki, bir ali təhsil müəssisəsi olaraq müasir tələblərə uyğun mütəxəssislər və gələcək işçi nəsli hazırlayaq.
Gənclər öz arzularının, istəklərinin ardınca getməlidirlər
- Proqrama üz tutan azərbaycanlı tələbələrə nə kimi tövsiyələriniz var?
- Birincisi, proqramda iştirak üçün dil bacarıqları çox vacibdir. Ona görə də onlar dil bacarıqları üzərində çalışsınlar, çünki bildiyiniz kimi, ingilis dili artıq dünya dilinə çevrilib. Bütün tədqiqatlar, hesabatlar ingilis dilində dərc olunur. Buna görə də dil bacarığı mütləq vacibdir. Akademik dil bacarıqlarını mütləq mükəməlləşdirsinlər. İkinci tövsiyəm odur ki, əgər bu sahəni seçirlərsə, bu sahəni sevdiklərinə əmin olmalıdırlar. Doğrudan da, insanların həyatlarında dəyişiklik etmək istəyirlərsə, onda seçdikləri təhsil sahəsində işləməlidirlər. Üçüncüsü, sosial-emosional (social emosional) bacarıqların inkişaf etdirilməsidir. Kommunikasiya bacarıqları da çox vacibdir. İndiki dünya tələblərinə cavab vermək üçün mütləq yüksək keyfiyyətli kommunikasiya bacarıqlarının olması mühüm şərtdir. Onlar mütləq kommunikasiya bacarıqları üzərində çalışsınlar. Dördüncüsü, atdıqları bütün addımlara ciddi yanaşmalıdırlar. Əgər tələbələr bu keyfiyyətləri özlərində formalaşdıra bilərlərsə, demək onlar uğur yolundadırlar. Ən böyük tövsiyəm inadkar olmalarıdır. Əgər həqiqətən insan həyatını dəyişə biləcəklərinə inanırlarsa, onda öz arzularının, istəklərinin ardınca getməlidirlər.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər