Hemofiliyalı xəstələr üçün alınan dərmanların ƏDV-dən azad edilməsi təklif edilir

Hemofiliyalı xəstələr üçün alınan dərmanların ƏDV-dən azad edilməsi təklif edilir Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan dərman preparatlarının Əlavə Dəyər Vergisindən azad olunmasını təklif edir.
Assosiasiyanın prezidenti Gülnarə Hüseynova Tehsil-press.az bildirib ki, bununla əlaqədar artıq hökumətə müraciət ediblər.
O qeyd edib ki, 2006-cı ildən hemofiliya və digər laxtalanma pozğunluğu xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm işlər görülüb:
"Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına uyğun olaraq, 2006-cı ildən bu ilədək hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramının həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqinə imkan verib. Dövlət Proqramı hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzadılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına istiqamətləndirilib".
Assosiasiya prezidenti qeyd edib ki, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi, faktor preparatları ilə müalicə baş verən ağırlaşmaların aradan qaldırılması, xəstələrə yerlərdə ilkin yardımın göstərilməsinin təşkili, kiçik yaşlı uşaqlarda birincili profilaktikanın təkmilləşdirilməsi, artropatiyaların cərrahi müalicə üsullarının tətbiqi istiqamətində tədbirlərin davam etdirilməsi üçün həyati vacib dərman preparatlarının yetərincə olmasına ehtiyac var.
G.Hüseynova qeyd edib ki, deyilənləri nəzərə alaraq, bir sıra hemostatik dərman preparatlarına dövlət büdcəsindən ayrılan vəsait Əlavə Dəyər Vergisindən azad olunması xahiş edilir:
"Həmin preparatlar Aminokapron turşusu, Traneksam turşusu, Aprotinin, Vitamin K və digər hemostatiklər, Natri menadion bisulfat, Antiinhibitorkoaqulyant kompleksi oktokoq alfa, VII laxtalanma faktoru, VIII laxtalanma faktoru, IX laxtalanma faktoru, Kombinasiyada II, IX və X laxtalanma faktoru, Aktivləşmiş eptakoq alfa, Emisizumab (Hemlibra), Eltrombopagumdur".
Xatırladaq ki, hemofiliya və digər laxtalanma pozğunluğu xəstəlikləri insan qanında bəzi laxtalanma faktorlarının və trombositlərin funksiyasının irsən çatışmazlığı nəticəsində əmələ gəlir. Hemofiliya irsi qan xəstəliyi olaraq ana tərəfindən ötürülür və əsasən oğlan uşaqlarında özünü biruzə verir.
Hemofiliyalı xəstələrə mütəmadi olaraq laxtalanma faktor və digər preparatlar vurulmadıqda dəfələrlə baş verən qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında əlil olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.
Azərbaycanda 213 nəfər ağır hemofiliya xəstəliyindən əziyyət çəkir. Həmin xəstələrin 153 nəfəri Hemofiliya A, 60 nəfəri Hemofiliya B formasından əziyyət çəkir.

Tehsil-press.az



Oxşar xəbərlər