MÜTALİƏDƏN QALMAYIN

MÜTALİƏDƏN QALMAYIN Yayılma sürəti ilə dünyanı təəccübləndirməkdə davam edən yeni növ koronavirus infeksiyası (COVİD-19) Azərbaycandan da yan keçməyib. Bu təhlükənin gücləndiyi bir şəraitdə dünya ölkələrinin bir çoxunda artıq fövqəladə vəziyyət elan olunub, ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, Azərbaycanda yeni növ koronavirusla mübarizə inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunub. Hələ fevral ayından başlayaraq ölkədə karantin tədbirlərinə start verilib: bütün məktəblərdə tədris dayandırılıb, uşaq bağçaları bağlanılıb, insanlara evdən qalmaq tövsiyə olunub. Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə effektiv mübarizəsi dünyanın da diqqətindən yayınmır və nümunə kimi göstərilir.
Bəşəriyyətin sınağa çəkildiyi bu günlərdə evdə qalaraq “koronavirus tətili”ni səmərəli keçirmək, əlavə bilik əldə etmək, dünyagörüşünü artırmaq, asudə vaxtınızı dəyərləndirmək üçün mütaliə ən effektiv vasitədir. Bəşər övladı tarixən ağıllı fikirlərdən bəhrələnib, fikirlər və ideyalar aləminə nüfuz etməyə can atıb. Bilik xəzinəsinin qapılarını bizim üzümüzə kitablar açır. Kitab dünyaya açılan bir pəncərədir, sivilizasiyaları birləşdirən, sosial və mədəni tərəqqiyə təkan verən qüvvədir, keçmişimizdən bu günümüzə körpü salan əsrlərin salnaməsidir. Həyatı boyu insanı müşayiət edən kitab-bilik-mütaliə onun etibarlı məsləhətçisi və dostudur. Müqəddəs kitabımız olan Qurani-Kərimin də ilk əmri “Oxu!”dur.
Dahi şair və yazıçıların, görkəmli filosofların kəlamlarında kitaba, mütaliəyə böyük qiymət verilir:

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib, gətirdim ələ,
Ərəbcə, dəricə, yeri düşərkən
Buxari, Təbəri əsərlərindən
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.
(Nizami Gəncəvi)


Görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyar hər cür kitabın deyil, yaxşı kitabın mütaliəsini məqbul sayırdı: «Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin».
İnsan təfəkkürünün inkişafında, elmi-mədəni səviyyəsinin, dünyagörüşünün formalaşmasında zəngin mütaliə həlledici rol oynayır. Mütaliə edərkən nəyi oxumaq çox önəmlidir. Diqqətli seçin, əlinizə nə düşdü oxumayın. Zövqünüzü və təfəkkürünüzü tərbiyə edin. (İ.V.Turgenev)
Kitab oxucuya o zaman güclü təsir göstərir ki, mütaliə prosesində oxucu fəal olsun, oxuduqlarına şüurlu yanaşsın, hər şeyi təfəkkür süzgəcindən keçirsin. Passiv oxucularda məhz bu keyfiyyətlərin olmaması onların mütaliəsini səmərəsiz edir. Surətlə oxumayın! Mən "Hərb və sülh"ü elə oxudum və təkcə onu öyrənə bildim ki, hadisələr Çar Rusiyasında baş verir. (V.Allen)
Sokrat deyirdi ki, "mən heç nə oxumadığım müddətdə hər şeyi bildiyimi düşünürdüm, oxuyandan sonra isə heç nə bilmədiyimi anladım". M.Monten də dolayısı yolla onu təsdiqləyir: "Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır". Məhəmməd Peyğəmbər isə buyurur ki, "Ömrünü mütaliəyə sərf edən adam heç vaxt ölmür".
Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kitab, kitabxana və mütaliə anlayışlarına yeni yanaşmanı zəruri etsə də, kitabın əhəmiyyəti heç vaxt azalmır. İnsan oxumaqla həyatdakı mövqeyini seçir, hədəflərini müəyyənləşdirir, ailəsi, xalqı və dövlətini sevməyi öyrənir. Kitablar "fikir müharibəsi"nin silahlarıdır. Mütaliə edən və oxuduğunu dəyərləndirə bilən insan öndədir, fərqlidir, elmi mübahisə və müzakirə bacarığı yüksək olan şəxsdir. Mütaliəyə ayırdığınız vaxt heç vaxt hədər olmayacaq, əksinə, sizə yeniliklər qazandıracaq. Hər şeyi bilmək üçün #evdəqal günlərindən səmərəli istifadə edək və kitab oxumağı unutmayaq!

Nigar İsmayılova
BDU-nun Elmi Kitabxanasının direktoru


Oxşar xəbərlər