Oxumağı vərdişə çevirək!

Oxumağı vərdişə çevirək! Kitab oxumağın, mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, bədii-estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı bilirik. Kitab oxumaqdan, mütaliə etməkdən söz düşəndə yaşlı nəsil yaşadığı uşaqlıq, gənclik dövrünü belə xatırlayır: “Bir vaxtlar kitab əlimizdən düşməzdi. Hara gedərdiksə, yanımızda mütləq oxumaq üçün kitab olardı”. Xüsusən ictimai nəqliyyatda, metrolarda, avtobuslarda, parklarda mütaliə edən çoxlu sayda insan var idi. Onların arasında böyüklərlə yanaşı, uşaqlara da rast gəlinirdi. O zaman bu bir ənənəyə çevrilmişdi və hansı sahədə işləməsindən asılı olmayaraq hər bir kəsin evində kitabxana olardı, burada müxtəlif mövzularda kitablar saxlanılardı. Hamı mütaliə edir, düşüncə tərzini, bədii təfəkkürünü formalaşdırırdı, özünü oxuduğu əsərin müsbət qəhrəmanına oxşatmaq istəyirdi. İnsanlarda mütaliə mədəniyyəti formalaşmışdı.
Nostalji hisslər yaşayan yaşlı nəslin xatirələri və yaşadığımız müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı... Təbii ki, yaşananlar, mövcud olmuş ənənə və hazırkı zamanın tələbləri heç də bir-biri ilə uzlaşmır.
İKT bizim artıq bir həyat tərzimizə çevrilib. Bu, danılmaz faktdır. Təbii ki, bugünkü yeniyetmə və gənclər informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sələflərindən tamamilə fərqli tərzdə, fərqli ortamda böyüyürlər. Çox təəssüf ki, yeniyetmə və gənclərimiz bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtını onlar daha maraqlı bir işlə -əlinə kitab götürüb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz yoldaşları ilə müzakirə edə bilər. Və yuxarıda qeyd etdiyimiz bu tendensiya təkcə bizdə deyil, əksər ölkələrdə də mövcuddur.
Elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadə, eyni zamanda buradan məlumatlanmaq imkanları genişlənsə də, mütaliə özünüinkişaf üçün ən klassik və səmərəli vərdiş olaraq qalmaqdadır. Çünki ölkənin inkişafı və çiçəklənməsi məhz ilk növbədə onun oxumuş və müvafiq olaraq inkişaf etmiş erudisiyalı əhalisindən asılıdır.
Məsələnin aktuallığını nəzərə alan Təhsil Nazirliyi öz fəaliyyətində bunu xüsusi diqqətdə saxlayır. Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli əmrindən sonra bu istiqamətdə mühüm addımlar atıldı, bir-birindən maraqlı layihələrin icrasına başlanıldı. 2015-2016-cı dərs ilindən başlayaraq ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinə start verildi ki, burada da əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
Şagirdlərdə mütaliə həvəsini daha da gücləndirmək məqsədilə hazırlanan digər maraqlı bir layihə “Məktəblilər üçün oxu”dur. Qeyd edək ki, Təhsil TV layihə çərçivəsində tanınmış şəxslərin iştirakı ilə dərsliklərdə yer alan, eləcə də sinifdənxaric oxu üçün nəzərdə tutulan onlarla əsərin video formatını hazırlayıb. Adıçəkilən layihədə millət vəkilləri, tanınmış ictimai xadimlər, yazıçılar, mədəniyyət işçiləri, jurnalistlər iştirak edərək Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərləri oxuyurlar.
Mütaliə vərdişlərini daha da inkişaf etdirmək məqsədilə Təhsil TV-nin bu mövzuda hazırladığı digər veriliş isə “Qiraətçi” adlanır. Bu verilişdə şagirdlər müəllimlərinin, eləcə də mütəxəssislərin iştirakı ilə mütaliə etdikləri bədii əsər barədə fikir mübadiləsi aparırlar. Qeyd edək ki, bu verilişlər Təhsil TV ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ilk uşaq televiziya kanalı “Günəş” ARB-də yayımlanır.
Təhsil Nazirliyinin yeni tədris ilindən - sentyabrın 22-dən reallaşdırdığı “Oxumağı vərdişə çevirək!” şüarı altında keçirilən növbəti layihəsi isə çox qısa bir zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən marağa səbəb olub. Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönələn bu layihədə hər bir kəs oxuduğu kitabın fotosunu çəkərək #hərgünoxu haşteqi ilə sosial şəbəkələrdə paylaşım etməklə və dostlarını da oxumağa dəvət etməklə bizim cəmiyyətdə də kitab oxumaq mədəniyyətini göstərmiş olacaq. Sosial şəbəkələrdə layihəyə ilk dəstək verən müxtəlif sənət sahibləri - aktyor Kamran Ağabalayev, “Kim? Harada? Nə vaxt?” elitar klubunun tanınmış oyunçusu Balaş Qasımov, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli, model, bloqer Natella Kərimova, radioaparıcı İlahə Şıxlinskaya, Lənkərandan tarix müəllimi Həbib Əlizadə və adlarını çəkmədiyimiz neçə-neçə insan bu layihədə iştirakdan böyük zövq aldıqlarını bildiriblər. Oxuduqları kitabların fotolarını paylaşan bu ilklərin şərhləri də orijinal və maraqlıdır. Fərqli yanaşma, zövq müxtəlifliyi olsa da, məqsəd birdir: yeniyetmə və gənclərə nümunə, eyni zamanda dəstək olmaq. Onlar öz şərhləri, oxuduqları kitabla bağlı fikir və mülahizələri ilə şagirdlərdə elə zövq formalaşdırırlar ki, artıq kitab oxumaq istəyənlər seçim etməkdə də çətinlik çəkmirlər.
Bir nüansı da unutmayaq ki, uşağın kitaba nə dərəcədə marağı olması birinci növbədə onun tərbiyə aldığı ailədən qaynaqlanır. Bunun üçün isə təkcə məktəblərdə deyil, evdə də valideynlər tərəfindən uşaqda kitaba maraq yaradılmalı, onlarda lap erkən yaşlarından mütaliəyə alışdırmaq mədəniyyəti formalaşdırılmalıdır.
Sonda...
“Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz”. Bu fikir fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didroya aiddir. Çalışaq ki, düzgün fikirləşmək üçün kitab oxuyaq və bunu vərdişə çevirək.
Təhsil Nazirliyi növbəti uğurlu layihənin başlanğıcını qoymaqla, əslində, yaşlı nəslin indi nostalji hisslərlə xatırladığı gözəl bir ənənənin - bir zamanlar mövcud olmuş mütaliə mədəniyyətini, oxumaq həvəsini, kitaba marağı yenidən bizlərə qaytarır.

Tehsil-press.az

Oxşar xəbərlər