Bakı Şəhəri üzrə Təhsil İdarəsinin onlayn videotəqdimat müsabiqəsinə qeydiyyat davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin onlayn videotəqdimat müsabiqəsinə qeydiyyat davam edir Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn təşkil olunan videotəqdimat müsabiqəsinə qeydiyyat davam edir.
Müsabiqə iştirakçıları “Müstəqillik tariximizin şanlı səhifəsi” başlığı altında təqdimatla çıxış edəcəklər. Çıxışlar mayın 25-dək video formatında BŞTİ-nin [email protected] elektron poçt ünvanına göndərilməlidir. Video göndərilərkən iştirakçının adı, soyadı və atasının adı, əlaqə nömrəsi, rayon və oxuduğu təhsil müəssisəsi, məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsinin adının qeyd olunması mütləqdir.
Hər iştirakçı müsabiqəyə yalnız 1 videotəqdimatla qatıla bilər. Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək videotəqdimat 5 dəqiqədən artıq olmamalıdır. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürüləcək.
Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər – I yer, 2 nəfər- II yer, 3 nəfər - III yer) qalib seçiləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim ediləcək, 5 nəfər isə fəal iştirakına görə tərifnamə ilə təltif olunacaq.
Xatırladaq ki, 28 may - Respublika Gününə həsr edilmiş müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximiz haqqında biliklərini möhkəmləndirmək, şagirdləri baş verən ictimai-siyasi prosesləri daha dərindən öyrənməyə həvəsləndirməkdir. Eyni zamanda, şagirdlərin ədəbi-bədii təfəkkürünün düzgün istiqamətdə formalaşmasına və özünüifadə qabiliyyətlərinin inkişaf etdirilməsinə təkan vermək, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaqdan ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər