Milli Azərbaycan Tarixi Muzeyində gəc-bəzəklər qorunur

Milli Azərbaycan Tarixi Muzeyində gəc-bəzəklər qorunur AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda Şəmkir şəhər yerindən tapılmış gəc-bəzəklərdən bəzi nüsxələr mühafizə olunur.
2010-cu ildə Şəmkir şəhər yerindən aşkar olunmuş beş ədəd gəc-bəzək fraqmenti IX-X əsrlərə aid edilən monumental binanın arxeoloji qazıntısından əldə olunub. Fraqmentlərdən biri düzbucaqlıya yaxın formada olub üzərində nəbati naxış elementi var. Digər bir fraqmentdə üçbucağa yaxın elementdə üç nöqtə - batıq salınıb. Üçbucağı əhatələyən qabarıq zolaqların bəzək qırıldığından xarakteri aydın deyil. Kiçik bir fraqmentdə isə iki qabarıq zolaq arasında qönçəyəbənzər naxış elementi yerləşib. Dörd və beşinci fraqmentlərdə də naxış elementlərini müəyyənləşdirmək çətindir. Fraqmentlərdən bəlli olur ki, onların hamısı ikiqatlı gəc-bəzəyin qırıqlarıdır. Bir fraqmentdə qırmızı boya izinin qalması gəc-bəzəkdə həm də qırmızı boyanın tətbiq edildiyini deməyə əsas verir. Fraqmentlərin təhlilinə əsasən bəzəyin nəbati və epiqrafik naxışlardan ibarət olduğunu güman etmək olar.
Qeyd edilib ki, arxeoloji tədqiqatlar gəctəraşlığın Azərbaycanda geniş yayıldığını təsdiqləyir. Dərbənd, Şəmkir, Xaraba-Gilan şəhər yerlərində aparılan qazıntılar nəticəsində xeyli gəc-bəzəklər tapılıb. Onların hamısı fraqmentlə təmsil olunub. Fraqmentlər əsasında müəyyənləşdirmək olur ki, divara və ya karniz hissəyə əvvəlcə astar rolunu oynayan gəc suvaq vurulur, daha sonra ikinci qat salınır və oyma naxışla bəzədilirdi.

Tehsil-press.az

Oxşar xəbərlər