Xəzər Universiteti və Baytarlıq Elmi-Tədqiqat İnstitutu birgə elmi layihəyə başlayıb

Xəzər Universiteti və Baytarlıq Elmi-Tədqiqat İnstitutu birgə elmi layihəyə başlayıb Xəzər Universitetinin Həyat elmləri departamenti və Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu birgə elmi layihəyə start verib.
İlkin olaraq Azərbaycanın cənub bölgəsində iribuynuzlu heyvanlarda rast gəlinən nodulyar dermatit virusunun tədqiqatına başlanılıb. Araşdırmanın əsas məqsədi iribuynuzlu heyvanların qanında nodulyar dermatit virusunun spesifik anticisimlərini monitorinq etmək, peyvənddən öncə və sonra heyvanlar arasında immun gərginliyini araşdırmaq, həmçinin buğumayaqlılarda (gənə və ağcaqanadlar) xəstəliyin törədicisini molekulyar bioloji üsullarla təyin etməkdir. Layihə çərçivəsində ağcaqanad və gənələrdə xəstəliyin törədicisi öyrənilməklə yanaşı, adı keçən buğumayaqlılar morfometrik olaraq növ və cinsə görə identifikasiya ediləcək.
Xatırladaq ki, nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Bu virus mövsümi xarakter daşımaqla, əsasən yaz-yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və buğumayaqlılardır. Xəstəliyin baş verdiyi ilk dövrlərdə naxırın 5-50 faizi, ayrı-ayrı hallarda isə 75-100 faizi virusa yoluxa bilər.

Tehsil-press.az


Oxşar xəbərlər