Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib

Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə Hüquqşünaslıq ixtisasının “Kommersiya hüququ” və “Əmək hüququ; sosial təminat hüququ” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib. Müdafiəyə çıxarılan dissertasiya işləri Azərbaycan dilində geniş şəkildə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib.
Virtual qaydada baş tutan müdafiədə “Təbii inhisarların və onların fəaliyyətinin tənzimlənməsi: Azərbaycan Respublikası və qabaqcıl xarici ölkənin təcrübəsi”, “Haqsız rəqabətin formaları: Azərbaycan Respublikası və qabaqcıl xarici ölkələrin təcrübəsi”, “Azərbaycan Respublikası qanunvericiliyində arbitrajın mümkünlüyü”, “Yanılma və aldatma müqavilənin etibarsızlığı əsasları kimi”, “Oferta və aksept müqavilə bağlanması prosesinin mərhələləri kimi”, “Azərbaycan Respublikasının qanunvericiliyində mediasiya”, “Hüquqi şəxslərin mülki,cinayət və inzibati məsuliyyətinin müqayisəli təhlili”, “İşəgötürən əmək hüququnun subyekti kimi”, “İşçilərin attestasiyasının hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Kommersiya hüququ ixtisası üzrə magistrant Fatimə Əsgərovanın “Kredit xətti müqaviləsinin hüquqi analizi” mövzusunda dissertasiya müdfiəsi xüsusilə diqqət çəkib. Magistrant kredit siyasətinin mahiyyəti, kredit müqavilələrinin hazırlanması, bu tip müqavilələrin hüquqi aspektləri kimi məsələlərə aydınlıq gətirib.
Müdafiə şurasının sədri Sahil Babayev müdafiədə iştirak edən magistrantların elmi və peşə hazırlığını, elmi diskussiya aparmaq bacarıqlarını, ingilis dilində danışmaq qabiliyyətlərini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Onlayn müdafiəyə qoşulan BDU-nun rektoru Elçin Babayev Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara malik olduğunu diqqətə çatdıraraq müasir hüquq elminin və təcrübəsinin aktual məsələlərinə həsr edilən dissertasiya mövzularının seçilməsini, aktual problemlərin əhatə olunmasını və yüksək səviyyədə müdafiəsini yüksək qiymətləndirib. Rektor BDU-nun Hüquq fakültəsinin aktiv fəaliyyətindən bəhs edib, kadr potensialının daha da yaxşılaşdırılması yönündə görülən işlərə, fakültənin qazandığı nailiyyətlərə diqqət çəkib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev müdafiəyə təqdim edilmiş işlərin aktuallığından danışaraq magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.
Dissertasiya müdafiə edən magistrantlar müvəffəq qiymət alıblar.

Tehsil-press.az


Oxşar xəbərlər