Kimyaçı magistrantlar dissertasiya işlərini onlayn müdafiə ediblər

Kimyaçı magistrantlar dissertasiya işlərini onlayn müdafiə ediblər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ), akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) və Radiasiya Prosesləri İnstitutunun (RPİ) magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
Elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə “Zoom” platforması üzərindən təşkil olunan müdafiədə NKPİ-nin neft kimya ixtisası üzrə 2, ətraf mühit kimyası ixtisası üzrə 1, AKİ-nin üzvi kimya ixtisası üzrə 2 və RPİ-nin təbii və fizioloji fəal maddələr kimyası ixtisası üzrə 1 magistrant dissertasiya işini müzakirəyə təqdim edib. Hər dissertasiya mövzusu ilə bağlı geniş müzakirə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara müvafiq dərəcənin verilməsi haqqında qərar qəbul edilib.
Müdafiədə “C4-C8 dialkilaminlərin üzvi və qeyri-üzvi komplekslərinin sintezi və tədqiqi”, “Reduksiya olunmuş qrafen oksidin katalitik iştirakı ilə neft karbohidrogenlərinin oksidləşməsi prosesinin tədqiqi”, “Termal suların ekoloji əlverişli istifadəsi üçün çoxfunksiyalı reagentlərin sintezi və tədqiqi” mövzularında dissertasiyalar müzakirə olunub. Həmçinin “Rodanidlərin yeni törəmələrinin sintezi və tədqiqi”, “Asetofenonun tioqlikol turşusu və aminlərlə üçkomponentli reaksiya məhsullarının sintezi və aşqar kimi tədqiqi”, “Triptofanın sink kompleksinin radioqoruyucu təsirinin öyrənilməsi” mövzularında yerinə yetirilən magistrlik dissertasiyaları dinlənilib.
Magistrantlar şura üzvlərinin suallarını cavablandırıblar. Onların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul olunub.
Müdafiədə AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Əminağa Sadıqov, NKPİ-nin direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, AMEA-nın Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Müdafiə şurasının üzvləri, müvafiq institutların Təhsil şöbələrinin rəhbərləri, magistrantlar və onların elmi rəhbərləri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər