Ali Attestasiya Komissiyasında aparılan islahatlar elm və təhsilin inkişafına zəmin yaradır

Ali Attestasiya Komissiyasında aparılan islahatlar elm və təhsilin inkişafına zəmin yaradır Elm və təhsilin inkişafında elmi dərəcələrin və elmi adların alınmasının böyük stimullaşdırıcı rolu var. Odur ki, dissertasiya işlərinin müdafiəsinə və elmi adların alınmasına qoyulan tələblər də həvəsləndirici və eyni zamanda, daha yüksək standartlara uyğun olmalıdır. Digər tərəfdən, tələblər ciddiləşməklə yanaşı, tədqiqatçı üçün psixoloji gərginlik yaradan digər səbəblərin də azaldılması önəmlidir.
AAK-da son illər aparılan uğurlu islahatlar yuxarıda qeyd olunanların müvəffəqiyyətli həllinin göstəricisi olmaqla yanaşı, təsadüfi insanların elmə və təhsilə gəlməsinin qarşısını almaqda da mühüm rol oynayır.
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün əvvəllər mövcud olan aparıcı təşkilatda müzakirə tələbinin ləğvi çox düzgün qərardır. Belə ki, bir çox hallarda aparıcı təşkilatlarda müzakirələr iddiaçının sahəsinə aid daha az bilikli və daha az peşəkar olan insanların iştirakı ilə aparılırdı. Bu isə sadəcə vaxt itkisi yox, həm də iddiaçı üçün əlavə psixoloji gərginlik yaradan proses idi.
Elmlər doktoru elmi dərəcəsi almaq üçün əvvəllər mövcud olan və heç bir müsbət mahiyyət daşımayan müdafiəyə icazə alınması tələbinin aradan qaldırılması alqışa layiq qərardır. Onsuz da ağır olan alim həyatının ən azı bir, bəzi hallarda bir neçə il vaxtını alan bu proses elmin və alimin inkişafını ləngidən bir buxov idi.
Bu fikirləri AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov söyləyib. Akademik bildirib ki, dissertasiyaların müdafiəsi üçün lazım olan məqalələrin sayı və onların nəşrinə qoyulan indiki tələblər elmin və təhsilin uğurlu inkişafını təmin etməkdədir.
Nüfuzlu elmi jurnallarda məqalələrin çapına qoyulan tələblər daha ciddi elmi nəticələr almağa və elmimizin beynəlxalq nüfuzunun artmasına səbəb olur.
İmpakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının son iki ildə kəskin artması bunun təsdiqi ola bilər.
Qeyd edim ki, respublikamızın bir neçə elmi jurnalının “SCOPUS” və “Web of Science” qiymətləndirmə sistemlərinin siyahısına daxil edilməsində də bu tələbin mühüm rolu var.
“Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 2.16-cı, 2.17-ci və 2.18-ci bəndləri qeyd etdiklərimi təsdiq edir.
Qeyd edim ki, əvvəllər Azərbaycan Respublikasının patenti bir məqalə statusunda da qəbul olunmurdu və nəticədə bir sıra hallarda ciddi elmi nəticələr patentləşdirilmədən məqalə şəklində nəşr olunurdu. Bu isə müəlliflik hüququ kimi vacib hüququn itirilməsi, hətta başqa ölkələrin alimlərinin cüzi dəyişiklik etməsi ilə özününküləşdirməsi üçün şərait yaradırdı.
Əsasnamənin 2.19-cu bəndində indi aydın yazılıb: “Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim edilmiş yerli patent dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərində bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur”.
Avtoreferatı Əsasnamənin 3.20-ci bəndinə uyğun olaraq seminarın sədri də imzalamalıdır. Bu yeni tələb avtoreferatın daha düzgün və dolğun nəşrinə imkan yaradır.
Bir Dissertasiya şurasında ay ərzində müdafiələrin sayına qoyulan yeni tələblər də çox məntiqlidir və iddiaçıların xeyrinədir, mənasız növbə yaranması problemini aradan qaldırır.
Əsasnamənin 5.25-ci bəndi belədir: “Dissertasiya şurasında bir ay ərzində iki fəlsəfə doktoru və bir elmlər doktoru və ya dörd fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilə bilər”.
Əsasnamənin 5.58-ci bəndi də çox vacib dəyişikliyi əks etdirir. Belə ki, əvvəllər sənədlərin müdafiədən sonrakı 1 ay müddətində verilməsi tələb olunurdusa, indi bu müddət 2 aydır. Bu da sənədlərin tam və keyfiyyətli hazırlanmasına imkan yaradır.
Dissertasiya şuralarının nəzdində elmi seminarların yaradılması və işinin təşkilində də olduqca məqbul dəyişiklik edilib. Burada ən vacib məqam ixtisas üzrə yüksək peşəkarlığı olan üzvlərin olması tələbi qoyulur. Bu, əslində dissertasiya işinin daha yaxşı müzakirəsini təmin edir.
Dissertasiyanın tərtibi Qaydasının 1.8-ci bəndi də çox vacib dəyişiklikdir. Belə ki, fəlsəfə doktoru dissertasiyası şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla iki yüz-iki yüz qırx min işarə həcmində, elmlər doktoru dissertasiyası isə dörd yüz-dörd yüz qırx min işarə həcmində olmalıdır. Bu tələb əslində elmi nəticələrin yetərincə olmasını və alınan nəticələrin geniş təhlilini vermək imkanını yaradır.
Əvvəllər Dissertasiya şuraları 2 il fəaliyyət müddəti üçün yaradılırdı. İndi isə bu müddət 3 il müəyyən edilib. Bu da hər iki ildən bir yeni Şuranın yaradılmasına itirilən zaman müddətini xeyli azaltmağa imkan verir.
Dosent və professor elmi adlarının verilməsinə aid tələblərdə yeniliklər müsbət nəticəyönümlü tələblərdir.
Professor elmi adı almaq üçün müəyyən olunmuş həcmdə monoqrafiya yazıb çap etdirmək tələbi çox vacibdir. Alim öz ixtisası üzrə elmi istiqamətə aid ən müasir yenilikləri təhlil edir, ümumiləşdirmələr aparır, özünün aldığı elmi nəticələrin əhəmiyyətini müqayisəli şəkildə göstərir. Ən vacib olan həm də odur ki, bu istiqamətdə tədqiqat aparacaq tədqiqatçıların bilmədən təkrarçılıqla məşğul olma ehtimalları azalır. Digər tərəfdən yazılan hər bir monoqrafiya magistratura və ya doktorantura pilləsində təhsil alanlar üçün etibarlı dərs vəsaiti olur.
Dosent və professor elmi adı almaq üçün tək rəhbər olmaqla iki nəfər fəlsəfə doktoru hazırlamaq tələbi də vacibdir. Belə ki, elmi adları almaq istəyənlər yeni kadrlar yetişdirməkdə daha çox maraqlı olacaqlar. Bu isə elmin inkişafına müsbət təsir göstərəcək.
AAK-ın ekspert şuralarının daha güclü təşkili, dissertasiya işlərinə daha sürətlə və diqqətlə baxılması da xüsusi qeyd edilməlidir.
Bütövlükdə isə AAK-ın qısa müddət ərzində gördüyü işlər uğurlu fəaliyyət kimi qiymətləndirilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər