Bakı Dövlət Universiteti tələbələrinin onlayn imtahan prosesi ilə bağlı təəssüratları

Bakı Dövlət Universiteti tələbələrinin onlayn imtahan prosesi ilə bağlı təəssüratları Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi və məcburi sosial təcrid tədbirləri səbəbindən dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də təhsilin davamlılığında bir sıra çətinliklər yarandı. Azərbaycanda təhsilin davamlılığına dövlət səviyyəsində bütün şərait yaradıldı. Prezident İlham Əliyev “Microsoft” şirkətinin rəhbəri ilə onlayn görüşdə də distant təhsil sisteminin vacibliyini xüsusi qeyd etdi.
Ölkəmizdə ali təhsilin flaqmanı olan Bakı Dövlət Universiteti (BDU) mövcud vəziyyətə uyğun məqsədyönlü addımlar ataraq məsafədən təhsilin təşkili işində uğurlu fəaliyyət göstərdi. Pandemiya şəraitində təhsilin fasiləsizliyini təmin etmək ilk baxışda nə qədər çətin görünsə də BDU ailəsi bu çətinlikdən üzüağ çıxdı.
Aparılan sistemli təşkilatçılıq sayəsində ilk olaraq “YouTube” kanalı vasitəsilə videodərslərin yayımı, daha sonra “Zoom” platforması üzərindən onlayn dərslərin təşkilinə dair tapşırıqlar verildi və Təhsil Nazirliyinin tövsiyəsi ilə “Microsoft Teams” proqramı üzərindən dərslərin və imtahanların təşkili müvəffəqiyyətlə baş tutdu. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi aparılan işlər, görülən tədbirlər, keçirilən dərslər və imtahanların təşkili haqqında tələbələrin təəssüratlarını dinləyib. BDU-nun bütün fakültələrində təhsil alan aktiv tələbələrlə söhbət zamanı onlar onlayn təhsil almaq üçün yaradılan şəraitə görə universitet kollektivinə təşəkkür ediblər. Vurğulanıb ki, hazırda dünyada və ölkəmizdə məsafədən təhsil sürətlə inkişaf etməkdədir.
Məsafədən təhsilin üstünlüyünü qeyd edən tələbələr mövcud şəraitdə dərslərə və imtahanlara rahatlıqla hazırlaşdıqlarını dilə gətiriblər. Onların fikrincə, onlayn təhsil böyük imkan və rahatlıq deməkdir. Eyni zamanda: “Uzaqdan təhsil proqramı yaxşı fürsət olsa da, tezliklə doğma universitetimizin auditoriyalarında dərslərə davam etmək həvəsindəyik”.
Hüquq fakültəsinin III kurs tələbəsi Mədinə Bağırova imtahanlara hazırlıq prosesinin yazılı imtahan sessiyasına hazırlıqdan ciddi fərqlənmədiyini, ilk dəfə üçün mükəmməl təcrübə olduğunu deyib. Bildirib ki, ənənəvi imtahandan fərqli olaraq müəllimlə üz-üzə şifahi imtahan zamanı müəllimin səndən hansı cavabı istədiyini daha konkret təyin edə bildik. Azərbaycanda onlayn imtahanların ilk dəfə keçirilməsinə baxmayaraq Bakı Dövlət Universiteti bu işin öhdəsindən uğurla gəldi. BDU Elmi Şurasının tələbələr üçün böyük güzəştlər nəzərdə tutan qərarlar qəbul etməsi isə sevindirici haldır.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi İbrahim Seyfullayevin sözlərinə görə, sessiyanın uğurla yekunlaşması, imtahanların yüksək təşkili BDU rəhbərliyi və kollektivinin birgə əməyinin sayəsində həyata keçdi. Onlayn təhsil sisteminə adaptasiya dönəmində həm müəllimlərin, həm də universitetdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun fəaliyyətinə toxunan İ.Seyfullayev Bakı Dövlət Universitetinin kollektivinə səmərəli fəaliyyətinə görə təşəkkür edib.
Fizika fakültəsinin I kurs tələbəsi Nəzrin Musayeva pandemiyanın gətirdiyi narahatlığın təhsilalanlardan da yan keçmədiyini bildirib. O, universitet tərəfindən qəbul edilən qərarların, problemə verilən cəld reaksiyaların tələbələrin narahatlığını aradan qaldırdığını deyib. İmtahanların şəffaf keçirildiyini vurğulayan tələbə qiymətləndirmədə obyektivliyin maksimum qorunduğuna, bütün qərarların ədalətli və tələbəyönümlü olduğuna diqqət çəkib. İmtahan sessiyası boyunca başda rektor olmaqla bütün professor-müəllim heyətinin tələbələrin təhsilinin doğru istiqamətdə inkişafına göstərdikləri səylərdən danışıb. Rektor Elçin Babayevin “Əziz tələbələr, biz daim sizin yanınızdayıq” ifadəsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını xüsusi vurğulayıb.
Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nigar Vəliyeva ilk dəfə şifahi və onlayn keçirilən sessiyanın fəaliyyətini yüksək qiymətləndirib. İmtahan sessiyasında bütün fənlərdən 100 (A) alaraq bu semestri də “əlaçı” olaraq başa vurduğunu deyən N.Vəliyeva, onlayn imtahanların onun üçün maraqlı təcrübə olduğunu bildirib. Müəllimlərinin imtahanda tələbələrini dəstəklədiyini, əsl motivasiya mənbəyi olduqlarını dilə gətirərək onların hər birinə təşəkkür edib.
Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov tələbələrin universitetdən kənarda olmalarına baxmayaraq, müəllimlərin nəzarətini, xüsusi qayğısını hiss etdiklərini deyib. Bildirib ki, jurnalistin işi həm də texnologiya ilə bağlı olduğu üçün onlayn imtahanlar Jurnalistika fakültəsinin tələbələri üçün bir növ yaxşı fürsət və təcrübə oldu. Tələbələr dərslərə məsuliyyətlə yanaşdıqlarına görə imtahan sessiyasını uğurla başa vurdular. Qiymətləndirmə hər bir tələbəni qane etdi, tələbələrin əksəriyyəti imtahanlardan yüksək nəticələr əldə etdilər.
Tarix fakültəsinin III kurs tələbəsi Günel Əbdürrəhmənova bu semestrin hər bir tələbə üçün yeni təcrübə olduğunu deyib. Universitet rəhbərliyinin, fakültə dekanının, müavinlərinin imtahanlara qoşulduqların müəllim-tələbə həmrəyliyi kimi qiymətləndirib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov bildirib ki, imtahanlara hazırlaşarkən, müəllimləri müəyyən dərslərdən əlavə seminarlar təşkil edərək, imtahan sualları üzərində və çətinlik yaranan bölmələr üzrə əlavə mühazirələr, məsləhət saatları təşkil ediblər. Universitet rəhbərliyi, dekanlığın nümayəndələri və Tələbə Nəzarət Qrupunun üzvləri imtahana qoşularaq tələbələrlə maraqlanıb. Pandemiya dövründə universitet rəhbərliyinin qəbul etdiyi qərarlar tələbələrin yaxşı nəticələr əldə etməyinə stimul verib, BDU isə onlayn təhsil sisteminə hazırdır.
Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BDU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər