Bakı Dövlət Universitetinin Tələbə Nəzarət Qrupu onlayn imtahanlardan danışır

Bakı Dövlət Universitetinin Tələbə Nəzarət Qrupu onlayn imtahanlardan danışır Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar əksər ali təhsil müəssisələrində olduğu kimi Bakı Dövlət Universitetində (BDU) də yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir. BDU-da tələbələri onlayn tədris prosesində fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə Tələbə Nəzarət Qrupu yaradılıb. Tələbə Nəzarət Qrupuna universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir.
BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi Rəşad İmanov: “Qrup sayəsində fəal tələbələr birlikdə və daha səmərəli fəaliyyət göstərərək imtahanların gedişi və təhsilalanların imtahan prosesində iştirakına nəzarətin həyata keçirilməsinə əlverişli zəmin yaradılıb. Tələbə Nəzarət Qrupu imtahan prosesinə müsbət təsir göstərməklə yanaşı, universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarını birləşdirən dəyər rolunu oynayır. Daim tələbələrin əziyyətini çəkən, onlara elm və təhsil verən professor-müəllim heyətinin obyektivliyinə inamımız deməyə imkan yaradır ki, bu fəaliyyətimizdə bizlərə ən böyük dəstək məhz dəyərli müəllimlərimizdən gələcək. BDU Tələbə Nəzarət Qrupunun bir üzvü olmaqla yanaşı, Jurnalistika fakültəsinin tələbəsi olaraq bütün tələbəyönümlü qərarlarına görə universitet kollektivinə minnətdarlığımı bildirirəm”.
Tarix fakültəsinin III kurs tələbəsi Əli Babazadə qeyd edib ki, tələbələrin imtahan prosesi zamanı heç bir narazılığı olmayıb, həmçinin müəllimlər tələbələrə müəyyən güzəştlər edirlər. “Rastlaşdığımız hallara əsasən narazılıq olduğu halda fakültə rəhbərliyinin müdaxiləsini də müşahidə edirik. İmtahan başlamamış tələbələrə özümüzü təqdim edib, hər hansı narazılığın olduğu halda bizə müraciət etmələrini xahiş edirik”.
Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi İsa Bəylərov isə deyib ki, müşahidələrinə əsasən, tələbələr ilk vaxtlar onlayn imtahan prosesinə narahat yanaşsalar da, imtahan gedişində fikirləri tam dəyişir, müəllimlərin səmimi münasibəti tələbələr tərəfindən çox xoş qarşılanır. “Tələbələr bu kimi güzəştlər sayəsində hiss etdikləri narahatlıqdan xilas olur, sərbəst şəkildə suallara cavab verib yüksək göstəricilər qazanırlar. Müşahidələrimiz zamanı aşkar görsənir ki, BDU kollektivi sessiyanın uğurlu baş tutması üçün əlindən gələni edir”, - deyə tələbə qeyd edib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Mirməhəmməd Hüseynov: “İştirak etdiyim imtahanlarda heç bir tələbə narazılığı və müəllim səriştəsizliyi ilə qarşılaşmadım. İmtahanlarla bağlı tələbələr heç bir şikayət etməyiblər, bundan əlavə texniki imkanları məhdud olan tələbələr müəllimə müraciət edərək, ilk olaraq ondan imtahan götürülməsini təklif edirlər və bu təklifə müəllimlər tərəfindən müsbət cavab verilir, baldan narazı olan tələbələrə isə yenidən sual verilib qiymətləndirmə aparılır. Bu da imtahan prosesinin şəffaflığına bir daha əminlik yaradır”.
Fizika fakültəsinin III kurs tələbəsi Aynurə Salmanlı isə bildirib ki, imtahan başlamazdan əvvəl tələbələrlə imtahanlar barədə söhbət edirlər. Müəllimlər tələbələrə göstərdiyi diqqət və ədalətli qiymətləndirmənin aparılmasının şahidi olurlar. Tələbələrin imtahan nəticələrinin müvəffəq olması onları daha da həvəsləndirir.
Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Nərmin Heydərova imtahanlarda güzəştlər və yaradılan şəffaf şəraitin tələbələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, BDU Elmi Şurasının imtahan sessiyasının təşkili haqqında qərarının tələbələr tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını və yaradılmış şəraitin onlarda stimul yaratdığını vurğulayıb. Qeyd edib ki, imtahan sessiyasının işinin yüksəldilməsi üçün imtahandan öncə tələbələrlə fikir mübadiləsi də aparılıb.
Hüquq fakültəsinin III kurs tələbəsi Firavan Əlizadə qeyd edib ki, imtahanlar olduqca şəffaf və rahat şəkildə keçirilir. Müəllimlər tələbələrə hər cür dəstək olurlar. Tələbələri ən çox narahat edən məsələlərdən biri olan texniki problemlərdir ki, müəllimlər bütün bu məsələləri də nəzərə alırlar, ədalətli formada imtahan götürürlər. İmtahan prosesi başlayandan bu günə qədər bütün tələbələr imtahan prosesi ilə bağlı razılıqlarını ifadə edirlər.
Sosial Elmlər və Psixologiya fakültəsinin II kurs tələbəsi Cəfər Gözəlov isə mütəmadi olaraq müxtəlif fakültələrin onlayn imtahanlarında iştirak etdiyini və heç bir problemlə qarşılaşmadığını deyib.
Qeyd edək ki, universitetdə imtahan sessiyasının gedişi, tələbələrin imtahanlara hazırlığı, qiymətləndirmə prosesi və sair haqqında öz münasibətlərini, fikir və mülahizələrini bildirmək məqsədilə yaradılan Tələbə Nəzarət Qrupunun üzvləri imtahan sessiyasına mütəmadi və növbəli şəkildə nəzarət edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər