ADNSU təhsil xidmətlərini ixrac etməyə başladı - Banqladeşdə ASOIU Asiya İnstitutu tələbə qəbuluna hazırlaşır

ADNSU təhsil xidmətlərini ixrac etməyə başladı - Banqladeşdə ASOIU Asiya İnstitutu tələbə qəbuluna hazırlaşır Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU, ingilis dilində ASOIU) ilə Banqladeşin Beynəlxalq Tədqiqatlar Mərkəzi (Center for İnternational Studies - CIS) arasında müqavilə imzalanıb.
Onlayn formatda bu ali məktəbin rektoru, professor Mustafa Babanlı və Banqladeşin CIS tədris müəssisəsinin rəhbəri Xorşed Alam tərəfindən imzalanmış françayzinq müqaviləsinə əsasən Dəkkədə ASOIU Asiya İnstitutunun fəaliyyətə başlaması nəzərdə tutulur. Müqaviləyə görə ASOIU Asiya İnstitutu ADNSU-nun əmtəə nişanından (ASOIU), tədris proqramlarından, professor-müəllim heyətinin tədris imkanlarından, Azİİ Elektron Kitab Evinin bazasından, idarəetmə sistemindən istifadə hüququ qazanaraq bakalavr pilləsi üzrə təhsil verəcək. 2020-2021-ci tədris ilində ASOIU Asiya İnstitutuna Cənubi Asiya ölkələrindən 100-dən çox tələbənin qəbulu planlaşdırılır. Müqaviləyə əsasən onlar 4 illik tədris müddətinin 2 ilini ADNSU-da alacaqlar. Tədris müəssisənin bakalavr pilləsi üzrə ilk məzunlarının magistratura təhsilini 1il +1il sistemi ilə Bakıda və Dəkkədə alacaqları nəzərdə tutulur.
Qeyd edək ki, ADNSU və CIS nümayəndələrinin Banqladeşdən olan 125 abituriyentin iştirakı ilə onlayn videokonfransı keçirilib. CIS tədris müəssisəsinin rəhbəri Xorşed Alam, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, universitetin Əcnəbi tələbələrlə iş üzrə dekanı, dosent Yaşar Həsənov, dekan müavini Natiq Məmmədov tədrislə bağlı məsələləri müzakirə ediblər, ASOIU Asiya İnstitutunda tədrisin başlanması ilə bağlı məsələlərin operativ həlli məqsədilə işçi qrup yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər