Professor Adil Allahverdiyev BDU-nun tələbələrinə koronavirusa qarşı peyvəndin hazırlanmasından danışıb

Professor Adil Allahverdiyev BDU-nun tələbələrinə koronavirusa qarşı peyvəndin hazırlanmasından danışıb Bakı Dövlət Universitetində (BDU) Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin təqdimatında “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçirilib.
Görüşün məqsədi barədə məlumat verən Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov alimin araşdırmalarının dünya tibb elminə verdiyi töhfələrdən, elmi tədqiqatlarının əhəmiyyətindən danışıb. Tədqiqatında ilk dəfə malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar etdiyini, bunun epidemiologiya və kimyəvi terapiyada mühüm rola malik olduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, Adil Allahverdiyev müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalənin, bir neçə ixtiranın, səmərələşdirici təkliflərin, Amerika və Avropada nəşr olunan kitabların müəllifidir.
Professor Adil Allahverdiyev “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda ustad dərsi keçib. O, Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayıb. Alim COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, vaksinlərin hazırlanması, DNT vaksinlərinin effektivliyi barədə bir çox məsələlərə aydınlıq gətirib.
Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev professor Adil Allahverdiyevə maraqlı ustad dərsi üçün minnətdarlığını bildirib, gələcəkdə birgə yeni layihələrə imza atacaqlarına əminliyini ifadə edib.

Tehsil-press.az



Oxşar xəbərlər