Alimlərimiz beynəlxalq konfransda Azərbaycan-Çin əlaqələrinin inkişaf tarixindən danışıblar

Alimlərimiz beynəlxalq konfransda Azərbaycan-Çin əlaqələrinin inkişaf tarixindən danışıblar Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli, müəssisənin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və elmi işçi Röya Mirzəbəyova yanvarı 23-25-də Beynəlxalq Elm Təşkilatları İttifaqının dəstəyi ilə Çində keçirilən illik onlayn elmi konfransda iştirak ediblər. Tədbir Trans-Avrasiya Mübadilə və İpək Yolu Sivilizasiyası İnkişafı Birliyi, Çin Elmlər Akademiyası Təbiət Elmləri Tarixi İnstitutu, Tibet Yaylası Tədqiqat İnstitutu, Onurğalılar Paleontologiya və Paleoantropologiya İnstitutu, Lanzau Universiteti, Çin Elm və Texnologiya Universiteti, Almaniyanın Giessen Universiteti, ABŞ-ın Şimal-Qərb Universiteti, İranın Qorqan Kənd Təsərrüfatı Elmi və Təbii Resurslar Universiteti və Qərbi Asiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Məryəm Seyidbəyli konfransda “Çin və Avropa arasında Böyük İpək yolu üzərində Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Alim qədim dövrlərdən başlayaraq tarixi İpək yolu üzərində yerləşən Azərbaycan və Çin arasında əlaqələrin inkişaf tarixindən danışıb. Məruzədə bildirilib ki, Avropanın müxtəlif ölkələrindən İpək yolu vasitəsilə Azərbaycan, İran və Orta Asiya üzərindən keçib Çinə qədər böyük məsafələr qət edən səyyahlar, diplomatlar, missionerlər, tacirlər gəzdikləri ölkələr haqqında dəyərli məlumatlar verib və tədqiqat əsərlərinin bir çoxu bu mənbələr əsasında ərsəyə gəlib.
Bayram Quliyev isə “Elxanilər dövründə Azərbaycan-Çin əlaqələri” mövzusunda çıxış edib. Məruzədə Elxanilər dövründə Azərbaycan və Çin arasında müxtəlif istiqamətli əlaqələrdən bəhs olunub və vurğulanıb ki, moğolların gəlişi ilə öncədən mövcud olan Çin-Azərbaycan əlaqələri daha da genişlənib.
“Azərbaycanda iqtisadi əlaqələrin inkişafında İpək yolunun rolu” mövzusunda çıxış edən Röya Mirzəbəyova isə müasir dövrdə də davam edən Azərbaycan-Çin əlaqələri, bu əlaqələrin inkişafında “Bir kəmər, bir yol” təşəbbüsünün rolu, “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının Azərbaycanın iqtisadi əlaqələrinin inkişafında əhəmiyyəti və s. məsələlərə toxunub.
Qeyd edək ki, tədbirin əsas təşkilatçısı olan Trans-Avrasiya Mübadilə və İpək Yolu Sivilizasiyası İnkişafı Birliyinin əsas hədəfləri qədim İpək Yolu boyunca iqlim və ətraf mühit dəyişikliklərini dərindən tədqiq etmək, Trans-Avrasiya mübadilələri və İpək yolu sivilizasiyasının inkişafı, İpək yolu boyunca elmi mübadilələrin təşviqini araşdırmaq və iqlim, hidrologiya, ətraf mühit, arxeologiya və s. sahələrarası tədqiqatlarla insan cəmiyyətinin ictimai identifikasiyasına kömək etməkdir. Qurum bu məqsədlə hər iki ildən bir illik konfrans keçirir, elmi uğurları bölüşmək və inkişaf etdirmək üçün dünyanın müxtəlif yerlərindən, arxeologiya, ətraf mühit arxeologiyası, paleoklimatologiya, tarix, kartologiya və s. sahələrdən olan alimləri bu konfransa dəvət edir.

Tehsil-press.az

Oxşar xəbərlər