AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında müzakirə edilən məsələlərdən biri qurumun nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması olub.
Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli son illər dünyada mövqeyi daha da möhkəmlənən, xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişlənən Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən birinin tarixi İpək Yolunun bərpası layihəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş “TRASEKA – Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransının qərarları bu tarixi prosesə ciddi təkan verib. Ölkəmizdə həyata keçirilən önəmli infrastruktur layihələri, o cümlədən 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının bu ilin aprelində Pekində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı Azərbaycanın İpək Yolunun bərpası layihəsinə xüsusi önəm verməsinin göstəricisidir.
Akademik İsa Həbibbəyli ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, bu sahədə müxtəlif beynəlxalq təşkilatlar, xüsusən UNESKO ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan reallıqlar və çağırışlar, eyni zamanda, dövlət səviyyəsində layihə üzrə fəaliyyətin prioritetliyi bu istiqamətdə araşdırmaların məqsədyönlü koordinasiyası və yeni kompleks tədqiqatların reallaşdırılması zərurətini meydana çıxarıb.
Qeyd olunanlar nəzərə alınaraq AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb və akademik Şahin Mustafayev mərkəzin direktoru təyin edilib. İpək Yolunun tarixi və mədəni irsinin öyrənilməsi, Azərbaycanın bu yolun üzərində beynəlxalq ticarət əlaqələri və onların respublikamızın siyasi, iqtisadi və mədəni inkişafına təsirinin araşdırılması, Azərbaycanın müvafiq istiqamətdə maddi və qeyri-maddi mədəni abidələrinin tədqiqi, bu irsin qorunması və təbliği üçün lazımi ekspert fəaliyyətinin göstərilməsi müəyyənləşdirilib. Həmçinin İpək Yolunun keçdiyi ərazilərdə mühüm tarixi və mədəni yazılı abidələrin tədqiqi, tərcüməsi və nəşrinin təşkili, Azərbaycanın dünya iqtisadi və ticarət sisteminə inteqrasiyası istiqamətində yeni İpək Yolunun yaratdığı imkan və çağırışların araşdırılması və proqnozlaşdırılması, yolun tədqiqi və təbliği sahəsində AMEA-nın müxtəlif institutları və kənar təşkilatlarla fənlərarası elmi araşdırma və tətbiqi xarakterli layihələrin həyata keçirilməsi kimi məsələlər mərkəzin əsas elmi prioritetləri kimi müəyyən edilib. Bundan əlavə, mərkəzin Məsləhət Şurasının yaradılması, Əsasnaməsinin hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi və digər məsələlər qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər