Azərbaycan - Avstriya Turizm Proqramı çərçivəsində “Məzun günü”

Azərbaycan - Avstriya Turizm Proqramı çərçivəsində “Məzun günü” Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan – Avstriya Turizm Proqramı (AATP) çərçivəsində növbəti “Məzun günü” keçirilib. Beynəlxalq proqram ATMU və Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm ixtisası üzrə davam edən uzunmüddətli təhsil proqramlarından biridir.
Mövcud pandemiya səbəbindən beynəlxalq təhsil proqramı çərçivəsində builki “Məzun günü” onlayn formatda təşkil olunub. Tədbirdə ATMU-nun rektoru İlham Mədətov pandemiya sonrası turizm sektorunun inkişafını səciyyələndirməklə bərabər, COVID-19 dövründə təhsil sahəsində yaranmış problemlərdən də söz açıb. Məzunları təbrik edən rektor onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən tərəfdaş universitetin nümayəndələri məzunlara uğurlar arzulayıblar.
Qeyd edək ki, bu günədək ATMU-nun 260 tələbəsi ikili diplom (Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin) əldə etmək şansı qazanıb və buna nail olub.
Xatırladaq ki, AATP çərçivəsində müxtəlif illərdə həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə əməkdaşlıq müqavilələri imzalanıb. 2020-ci ildə Dövlət Turizm Agentliyinin yaxından dəstəyi nəticəsində AATP proqram üzrə əməkdaşlıq müqaviləsinin yenidən imzalanması qərara alınıb. Beynəlxalq proqramın önəmli üstünlüklərindən biri də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019 – 2023–cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramında”da öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər