AMEA ilə ABŞ-ın “EcoHealth Alliance” təşkilatı arasında əməkdaşlığa həsr olunan seminar təşkil edilib

AMEA ilə ABŞ-ın “EcoHealth Alliance” təşkilatı arasında əməkdaşlığa həsr olunan seminar təşkil edilib AMEA ilə ABŞ-ın “EcoHealth Alliance” təşkilatı arasındakı əməkdaşlıq çərçivəsində “Azərbaycanda bioloji müdafiə və bioloji nəzarətə çoxsahəli yanaşmaların gücləndirilməsi” mövzusunda onlayn seminar keçirilib.
seminarın əsas məqsədləri ölkəmizdə çoxsahəli bioloji nəzarət və bioloji müdafiə siyasətinin mövcud vəziyyəti, bu işlə bilavasitə və ya dolayısı ilə məşğul olan müvafiq infrastruktur (nazirliklər, təşkilatlar, laboratoriyalar, ekspertlər, agentliklər, institutlar və s.), bu sahədəki cari boşluqlar, eləcə də inkişafa və dəstəyə ehtiyac duyulan sahələri müzakirə etməkdir.
Seminarda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açılış nitqi ilə çıxış edib. İradə Hüseynova qloballaşan dünyada beynəlxalq əməkdaşlıq, birgə səy və razılaşdırılmış fəaliyyət planı tələb edən məsələlər sırasında biotəhlükəsizliyin, vahid sağlamlıq məsələlərinin xüsusi yer aldığına diqqət çəkib.
Akademik qeyd edib ki, biotəhlükələr, biomüşahidə və biomüdafiə kimi sahələrdə aparılan məqsədyönlü fəaliyyətlərə təhlükələrin erkən aşkarlanması, mürəkkəb məruzqalma yollarının hesablanması bacarıqlarının əldə edilməsi, təhdidlərə vaxtında və hərtərəfli reaksiya, sadələşdirilmiş nəzarət sistemlərinin qurulması, mövcud resurslardan təkmilləşdirilmiş istifadə və s. kimi məsələlər daxildir. Mövcud problemlərin həlli üçün davamlı elmi-tədqiqat işlərinin aparılması, milli, regional və beynəlxalq səviyyədə müvafiq tədqiqat platforma və imkanlarının yaradılması vacibdir. Alim vurğulayıb ki, insan, heyvan, kənd təsərrüfatı və ətraf mühitə qarşı olan biotəhlükələrə adekvat cavab tədbirlər böyük vəsait, insan resursları, müvafiq infrastruktur, elmi-texniki baza tələb edir ki, son pandemiyadan çıxarılan nəticələr bunu əyani nümayiş etdirib.
AMEA-nın vitse-prezidenti ölkəmizin pandemiya ilə mübarizədə uğurla həyata keçirdiyi tədbirlərlə, infrastruktur yatırımları, zamanında atılan addımlarla nümunəvi ölkə kimi yadda qaldığını söyləyib. Akademik İradə Hüseynova Azərbaycan Milli Elmlər Akademiyasının COVID-19-la mübarizədə dövlətin apardığı siyasətə öz töhfələrini verdiyini bildirib.
Seminarın əhəmiyyətindən danışan natiq müzakirələrdən əsas gözləntinin ölkəmizdə biotəhlükəsizlik və bioloji nəzarət işləri ilə bağlı cari proseslərin gedişatında mövcud olan çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq, gələcək inkişaf perpesktivlərinə nəzər yetirməkdən ibarət olduğuna diqqət çəkib.
Sonra seminar işinə “Ecoealth Alliance” təşkilatının vitse-prezidenti Kevin Olival və Zoologiya İnstitutunun doktorantı Nicat Həsənovun moderatorluğu ilə dəyirmi masa müzakirələri ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər