İlahiyyat İnstitutu İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirir

İlahiyyat İnstitutu İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirir Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirilir.
Mehmet Akif Ersoy Sənət Mərkəzində Azərbaycan İlahiyyat İnstitutu, Türk Ocaqları İstanbul Şöbəsi, Türk Ocaqları Dərnəyi Pendik Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti anım tədbiri baş tutub.
Anım mərasimində ali təhsil müəssisəsinin nəşr etdirdiyi “Geriyə baxma” kitabının təqdimatı olub.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik ehtiramla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Türk Ocaqları Dərnəyi Pendik Şöbəsinin müdiri Ahmet Kara Xocalı soyqırımının Türkiyədə böyük kədər, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da unudulmayacaq, insanlarımızın qəlbində yaşayacaq.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Xocalıda baş vermiş soyqırımı faktlarını diqqətə çatdırıb. İnsanların xüsusi amansızlıqlarla qətlə yetirildiklərini bildirib. Vurğulayıb ki, hər zaman ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olub. Xocalıda baş vermiş qətliamın təsadüf olmadığını vurğulayan prorektor bildirib ki, beynəlxalq səviyyədə qəbul edilmiş normativlər deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.
Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasətindən, həmçinin Xocalı faciəsindən bəhs edib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılmasının vacibliyini vurğulayıb.
“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova tədbirdə müəllifi olduğu “Geriyə baxma” kitabı haqqında məlumat verib. Qeyd edib ki, əsər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 nəfər şəhid olub. Onlardan 70 nəfəri ahıldır. Müəllif vurğulayıb ki, bu insanların faciəli həyatı kitabda öz əksini tapıb.
Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ Azərbaycandır” sənədli filmi nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər