BDU əməkdaşları arasında keçirilmiş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

BDU əməkdaşları arasında keçirilmiş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb Bakı Dövlət Universiteti (BDU) əməkdaşları arasında keçirilən “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunub.
Müsabiqə Komissiyasının qərarı ilə, təbiət və dəqiq elmlər üzrə – BDU-nun nəzdində Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev I, Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov II, universitetin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri dosent Şahin Ağayev III yerə, humanitar və ictimai elmlər üzrə – Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müəllimi iqtisad üzrə fəlsəfə doktoru Aytəkin Axundova I, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli II, Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi Zərifə Nəzirli III yerə layiq görülüblər.
Müsabiqədə I yerin qalibləri 2500, II yerin qalibləri 1500, III yerin qalibləri isə 1000 manat pul mükafatına layiq görülüb və diplomla təltif ediliblər.
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə iki ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər