DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Azərbaycan Texniki Universitetinin İKT yönümlü fakültələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşün məqsədi DİM tərəfindən 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin İKT istiqamətli ixtisaslarına keçiriləcək qəbul imtahanı üçün proqramın, imtahan modelinin, həmçinin abituriyentlərə metodik kömək məqsədilə hazırlanan vəsaitin və s. məsələlərin müzakirəsi olub.
Azərbaycan Texniki Universitetinin rektoru iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev çıxış edərək görüşün məqsədi, eləcə də informasiya texnologiyaları, süni intellekt, rəqəmsal bacarıqlar sahəsində universitetdə görülən işlər haqqında məlumat verib.
Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz görüşün qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində hər iki tərəf üçün faydalı olacağını bildirib.
DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva informatika fənni üzrə qəbul proqramı və imtahan modelinin ötən ildən hazırlanaraq, dim.gov.az saytında yerləşdirildiyini qeyd edib. A.Batıyeva qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzuların daxil edildiyini bildirib, eyni zamanda, imtahan modeli haqqında danışıb (qəbul proqramı və imtahan modeli haqqında məlumat linkdə verilib). O, həmçinin imtahana hazırlıq çərçivəsində DİM-in internet saytında informatika fənni üzrə Mərkəzlə əməkdaşlıq etmək istəyənlərin elektron qeydiyyat sistemi və qəbul imtahanında istifadəsi nəzərdə tutulan qiymətləndirmə vasitələrinin tərtibi, ekspertizası və yoxlanılması (marker) ilə bağlı hazırlıq kursunun elektron qeydiyyat sistemi haqqında məlumat verib.
İclasda abituriyentlərə metodik kömək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin nüsxəsi iştirakçıların nəzərinə çatdırılıb.
Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev informatika fənni üzrə test bankın formalaşması haqqında məlumat verib, iclasın bu sahədə görüləcək işlərdə əhəmiyyətini qeyd edib.
İclasda, həmçinin Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Qafarov və mühəndis-proqramçısı Zaur Hacıyev, Təhsil İnstitutunun əməkdaşı İsmayıl Sadıqov, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin müəllimi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Fikrət İbiyev və dosenti Vasif Müslümov, AMEA-nın aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimləri Anar Rəşidov və Yadigar Əliyev çıxış edərək qəbul proqramı, imtahan modeli və vəsaitin hazırlanması ilə bağlı fikirlərini bildiriblər.
Azərbaycan Texniki Universitetinin Rəqəmsallaşdırma və layihələr üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru Rəşad Əliyev, Kibertəhlükəsizlik və Süni intellekt İnstitutunun icraçı direktoru, professor Yadigar İmamverdiyev, Kompüter texnologiyaları və kiber təhlükəsizlik kafedrasının müdiri professor Vaqif Qasımov, Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri professor Nadir Ağayev, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri dosent Mehman Həsənov, Elektrotexnika kafedrasının müəllimi Anar İsmayılov da qeyd edilən məsələlərlə bağlı fikir bildirərək, təkliflər veriblər.
Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti DİM-in bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib və gələcəkdə bu sahədə DİM-lə daha sıx əməkdaşlıq etmək üçün tərəflər arasında memorandum imzalanması qərara alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər