Azərbaycan Turizm və Menecment Universiteti daha bir beynəlxalq proqrama qoşulur

Azərbaycan Turizm və Menecment Universiteti daha bir beynəlxalq proqrama qoşulur Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədris işləri üzrə prorektoru Zaur Bağırov, rektor müşaviri Sənan Hüseynov, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Türkiyənin Eskişehir Osmanqazi Universitetində olublar.
Səfərin məqsədi ATMU və Eskişehir Osmanqazi Universitetinin turizm işinin təşkili ixtisası bakalavr pilləsi üzrə tələbələrin “Birgə Beynəlxalq İkili Diplom Proqramı” çərçivəsində təhsil və tədris imkanlarının öyrənilməsi olub. Azərbaycan və Türkiyənin müvafiq ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlərdə “Birgə Beynəlxalq İkili Diplom Proqramı” üzrə müqavilənin əməkdaşlıq formatının təsdiqi məqbul sayılıb.
Müqavilə Azərbaycanın Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqləndikdən sonra Bakı şəhərində imzalanacaq. ATMU-nun “Beynəlxalq əlaqələr üzrə yeni strateji planı”nda Türkiyənin digər universitetləri ilə də beynəlxalq təhsil proqramlarında təsbit edilən uyğun ixtisaslar üzrə əməkdaşlığın inkişafı məsələsi nəzərdə tutulub.
Qeyd edək ki, “Birgə Beynəlxalq İkili Diplom Proqramı”nın əsas üstünlüklərindən biri məhz turizm işinin təşkili ixtisasına xüsusi önəm verilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər