BDU əməkdaşları Rumıniyanın Konstanta Maritime Universitetində keçirilən təlimdə iştirak ediblər

BDU əməkdaşları Rumıniyanın Konstanta Maritime Universitetində keçirilən təlimdə iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin əməkdaşları Natavan Cəfərova, Anar Nuriyev və Aytən İmanova sentyabrın 4-dən 11-dək Rumıniyanın Konstanta Maritime Universitetində keçirilən pedaqoji təlimdə iştirak ediblər.
ERASMUS+ proqramının dəstəyi və “Sahilyanı ərazilərdə iqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması” (New courses in geospatial engineering for climate change adaptation of coastal ecosystems) layihəsi çərçivəsində keçirilən təlimlərə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Litva, Rumıniya və Hollandiyanın tərəfdaş universitetlərinin əməkdaşları qatılıblar.
Təlimin əsas məqsədi universitetlər arasında əməkdaşlığı dərinləşdirmək, tərəfdaş ölkələrin müəllimlərini Avropa universitetləri tərəfindən təklif olunan kurslar və onların tədris metodları ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq olub.
Təlim müddətində iştirakçılar “Geonetcat”, “Eumetsat Google Earth Engine”, “Copernicus Climate Data Store” və “OpenEO” peyk təsvirlərinin emalı, Yerin müşahidəsi üçün kiçik peyklərin və Meteosat İkinci Nəsil (MSG) peyklərin funksiyaları, texnoloji tendensiyalar, innovativ məhsulların kommersiyalaşdırılması, mühəndislər üçün startap təşəbbüsləri, hidroloji, hidravlik və ekoloji proseslərin modelləşdirilməsi və risklərin idarə edilməsi modulları üzrə yenidən hazırlıq, praktiki nümunələr, effektiv tədris metodları və Konstanta Maritime Universitetinin laboratoriyaları və xüsusi avadanlıqları ilə tanış olublar.
Təlimin sonunda universitetlər üzrə hesabatlar dinlənilib, layihənin gələcək planları nəzərdən keçirilib və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər