İlahiyyat İnstitutuna yüksək nəticələrlə qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib

İlahiyyat İnstitutuna yüksək nəticələrlə qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov I kurs tələbələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Görüşdə rektor A.Şirinov tələbələri ali təhsil müəssisəsinə qəbul olmaları münasibətilə təbrik edərək deyib ki, bu onların həyatında yeni səhifədir. Vətənə layiqli vətəndaş, milli şüura malik, zəngin dünyagörüşlü, bacarıqlı mütəxəssis olmaq üçün daim çalışmaq vacibdir.
Aİİ-də tələbələr üçün yaradılan şəraitdən söhbət açan rektor bildirib ki, institut Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.
Dövlətin verdiyi imtiyazları xüsusi vurğulayan A.Şirinov tələbələrin pulsuz dərslik və yemək pulu ilə təmin olunmaları məsələsinə toxunub. O qeyd edib ki, semestr ərzində yüksək göstəricilərə malik tələbələrimiz dövlət tərəfindən verilən təqaüddən əlavə, digər təqaüd proqramlarından da yararlana bilərlər. Bunlar ümummilli lider Heydər Əliyev adına, Şeyxülislam adına, QMİ-nin təsis etdiyi akademik Vasim Məmmədəliyev adına, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis etdiyi təqaüdlərdir.
Aİİ rektoru tələbələri institutun ictimai həyatında fəal olmağa çağırıb. Bildirilib ki, Aİİ il ərzində ölkədaxili səfərlər, qış və yay məktəbləri, müxtəlif yarışmalar və tədbirlər təşkil edir.
Daha yüksək nəticələr göstərərək Aİİ-yə qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat pilləsinə bu il 74 tələbə qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər